Aİ İrana qarşı sanksiyaları genişləndirib
Avropa İttifaqı Şurası İranda insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsul hesab etdiyi daha altı İran vətəndaşına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına İranın İnqilab Məhkəmələrinin beş hakimi daxil edilib. Aİ onların dini azlıqların nümayəndələri və siyasi müxaliflər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədiyə qarşı hökm çıxardıqlarını bildirib.
Bundan başqa, “Ashiyane” kiberqrupunun təsisçisi, iranlı haker və kompüter mühəndisi Nima Salehiyə də sanksiyalar tətbiq olunub. Aİ-nin məlumatına görə, sözügedən qrup İranın FATA kiberpolisi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əməkdaşlıq edir, həmçinin müxalif şəxslərə və xarici qurumlara qarşı həyata keçirilən kiberhücumlarda iştirak edib.
Yeni qərardan sonra Aİ-nin İrana qarşı sanksiya siyahısına ümumilikdə 269 fiziki şəxs və 53 təşkilat daxildir. Məhdudiyyətlər onların aktivlərinin dondurulmasını, Avropa İttifaqına giriş qadağasını, eləcə də onlara maliyyə və iqtisadi resursların təqdim edilməsinin qadağan olunmasını nəzərdə tutur.
11:37 25.07.2026
Oxunuş sayı: 75