ABŞ: İran yeni nüvə silahı hazırlamağa cəhd göstərə bilər
ABŞ kəşfiyyatı hesab edir ki, İranın yeni ali rəhbəri ayətullah Müctəba Xamenei ölkənin nüvə silahı proqramını inkişaf etdirməyə sələfi Əli Xameneidən daha çox meyllidir.
Crossmedia.az xəbər verir ki, ''The New York Times'' bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Əli Xamenei heç vaxt ictimai şəkildə İranın nüvə silahı yaratmasına çağırış etməyib. Bununla belə, amerikalı kəşfiyyat rəsmilərinin qiymətləndirməsinə əsasən, yeni ali rəhbərlik və daha mühafizəkar hökumət nüvə silahının hazırlanması ilə bağlı ambisiyalara malikdir.
Məlumata görə, İran 2025-ci ilin iyununda ABŞ-nin raket zərbələrinə məruz qalan nüvə obyektlərindən uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların bir hissəsini ölkənin mərkəzində yerləşən Pikaks dağındakı yeni, ciddi mühafizə olunan yeraltı kompleksə köçürüb. Bildirilir ki, obyektin ətrafında ABŞ Silahlı Qüvvələrinin mümkün quru əməliyyatının qarşısını almaq məqsədilə quru qoşunları yerləşdirilib.
ABŞ rəsmilərinin fikrincə, Tehran uranın zənginləşdirilməsi üçün istifadə olunan avadanlığı qoruyub saxlamağa çalışır. Eyni zamanda, nüvə bombasının əsas komponentlərindən sayılan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının toxunulmaz qaldığı və İranın istifadəsində olduğu vurğulanır.
11:05 25.07.2026
Oxunuş sayı: 51