ABŞ Ayda Yer vaxtından fərqli sistem yaradır
ABŞ hökuməti Ayda istifadə olunacaq yeni zaman sisteminin yaradılması üçün NASA-ya tapşırıq verib. Yeni sistem Koordinasiya olunmuş Ay vaxtı adlandırılacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, Ayın fərqli cazibə qüvvəsinə görə zaman Yer kürəsi ilə müqayisədə daha sürətli keçir. Ayda vaxt sutkada təxminən 58,7 mikrosaniyə irəli gedir. Bu fərq çox kiçik görünsə də, kosmik aparatların sinxronlaşdırılması zamanı problemlər yarada bilər.
NASA-ya 2026-cı ilə qədər Ay vaxtı sisteminin hazırlanması tapşırılıb. ABŞ bu sistemin həm dövlət, həm də özəl kosmik şirkətlərin Aya uçuşlarını daha dəqiq əlaqələndirməyə kömək edəcəyini hesab edir.
Astronom Ketrin Heymans bildirib ki, Ayda vahid zaman standartının yaradılması Eynşteynin ümumi nisbilik nəzəriyyəsi və cazibə qüvvəsinin təsiri səbəbindən mürəkkəb prosesdir.
Mütəxəssislər qeyd edirlər ki, müxtəlif ölkələr və şirkətlər Ayın tədqiqi uğrunda rəqabəti artırdıqca, kosmik missiyalar üçün vahid zaman sisteminin yaradılması daha vacib hala gəlir.
00:38 25.07.2026
Oxunuş sayı: 48