ZeroHedge: Əliyev və Tramp arasında siyasi “bromans” yaranıb
Azərbaycan və ABŞ prezidentləri arasında nəzərəçarpacaq yaxınlaşmaya diqqət çəkərək, İlham Əliyev və Donald Tramp arasında baş verən ictimai bəyanat mübadiləsini əsl siyasi “bromans” adlandırıb.
Crossmedia.az xəbər verir ki, "ZeroHedge" nəşri buna səbəb Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər olub. Azərbaycan lideri bildirib ki, əvvəlki ABŞ administrasiyaları təxminən 30 il ərzində Qarabağ münaqişəsini həll etməyə deyil, onu dondurmağa və təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar.
Əliyevin sözlərinə görə, Donald Tramp tamamilə fərqli yanaşma seçib. O, ABŞ prezidentini sülhü sevən və onu bir fürsət kimi dəyərləndirən şəxs adlandırıb. Azərbaycan Prezidenti vurğulayıb ki, Trampın komandası Azərbaycanın mövqeyini anlayıb, Naxçıvanla əlaqənin təmin olunmasının vacibliyini qəbul edib və Ermənistanla sülh prosesinin irəliləməsi üçün şərait yaradıb.
Tramp Əliyevin fikirlərinin yer aldığı “Breitbart” nəşrinin paylaşımını yayımladıqdan sonra Azərbaycan lideri ona şəxsən təşəkkür edib. Əliyev bildirib ki, ABŞ prezidentinin töhfəsi Cənubi Qafqazı sülhə, sabitliyə və rifaha daha da yaxınlaşdırıb və Trampı yenidən “sülh adamı” adlandırıb.
2025-ci il avqustun 8-də Vaşinqtonda Əliyev, Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyanat imzalayıblar. Həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini paraflayıblar.
ZeroHedge qeyd edir ki, Bakı və Vaşinqton arasındakı münasibətlər görünməmiş səviyyəyə çatıb. Nəşrin fikrincə, Əliyev və Trampın qarşılıqlı bəyanatları təkcə diplomatik nəzakəti deyil, həm də iki lider arasında şəxsi siyasi etimadın formalaşdığını göstərir
17:39 17.07.2026
Oxunuş sayı: 48