Səhər qəhvəsiz ayıla bilmirsiniz? - Ekspert
Səhər gözümüzü açan kimi əlimiz telefona, ardınca isə bir fincan qəhvəyə uzanır. Bəziləri üçün qəhvə günə başlamağın ayrılmaz ritualı, bəziləri üçün yuxululuqdan xilas olmağın ən asan yolu, digərləri üçünsə gün ərzində enerjili qalmağın əsas vasitəsidir. Elə insanlar var ki, səhər qəhvəsini içmədən özlərini günə hazır hiss etmir, hətta bu içki olmadan diqqətlərini cəmləməkdə çətinlik çəkirlər. Zaman keçdikcə adi bir vərdişə çevrilən bu ehtiyac bəzən o qədər güclənir ki, qəhvəsiz səhəri təsəvvür etmək belə çətinləşir. Bəs insanları günün ilk saatlarından kofeinə üz tutmağa vadar edən nədir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Seymur Qafarov bildirib ki, qəhvənin gündəlik istehlakda mühüm yeri var:
"Xüsusilə iş mühitində və Qərb ölkələrinin qəhvə mədəniyyətinin təsiri ilə bu içki günün erkən saatlarından etibarən qəbul edilir.
Qəhvə hazırlamağın müxtəlif üsulları mövcuddur. Onu sadəcə su ilə qarışdıraraq, xüsusi avadanlıqlar vasitəsilə, eləcə də ənənəvi üsullarla — qumda, ocaqda və ya kömür üzərində hazırlamaq mümkündür.
Qəhvə istehlakı zamanı diqqət yetirilməli vacib məqamlardan biri onun acqarına qəbul edilməsidir. Xüsusilə günün erkən saatlarında acqarına qəhvə içilməsi tövsiyə olunmur. Tərkibindəki kofein iştahı azalda bilər. Bundan əlavə, qəhvənin həddindən artıq və acqarına qəbulu həzm sisteminə, xüsusilə mədə-bağırsaq sistemi həssas olan insanlara mənfi təsir göstərə, mədə turşuluğunu artıra və həzm prosesində narahatlıq yarada bilər.
Qəhvənin günün gec saatlarında, xüsusilə yatmazdan əvvəl qəbul edilməsi də məsləhət görülmür. Tərkibindəki kofein yuxu rejiminə mənfi təsir göstərərək insanın gec yuxuya getməsinə və yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Bu isə gün ərzində iş qabiliyyətinə, diqqətin cəmlənməsinə və aktiv həyat tərzinə mənfi təsir göstərə bilər.
Qəhvə alarkən digər qida məhsullarında olduğu kimi, etiket məlumatları ilə də tanış olmaq vacibdir. Məhsulun tərkibi, 100 qram üzrə qida və enerji dəyəri, istehsal tarixi, son istifadə müddəti və digər mühüm məlumatlar diqqətlə yoxlanılmalıdır"
Nuray Oqtayqızı
16:45 16.10.2026
Oxunuş sayı: 46