Deputat: Siyasi maraqlar hüquqi prinsiplərin yerini tutmamalıdır
2026-cı il oktyabrın 15-də Bakıda reallaşan möhtəşəm beynəlxalq tədbir Azərbaycanın müstəqil xarici siyasət kursunu, beynəlxalq münasibətlər sistemində artan rolunu və Avrasiya məkanında mühüm siyasi-iqtisadi hab kimi mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının sammitdəki çıxışı təkcə təşkilat çərçivəsində görülən işlərin hesabatı deyil, həm də beynəlxalq hüququn aliliyi, ikili standartlara qarşı mübarizə, BMT qətnamələrinin icrasız qalması və Cənubi Qafqazda ədalətli regional sülhün şərtləri ilə bağlı strateji xəritə oldu. AQEM-ə üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrliyinin 2028-ci ilə qədər uzadılması və Laosun təşkilata yeni üzv qəbul edilməsi Bakının qlobal diplomatik mərkəz kimi artan nüfuzunu təkzibedilməz faktla təsdiqləyir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, Prezident İlham Əliyevin Sammitdəki çıxışı Azərbaycanın beynəlxalq siyasətdəki prinsipial və ədalətli mövqeyinin növbəti təzahürüdür:
"2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasət kursunu və Avrasiya məkanında mühüm siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini nümayiş etdirən əlamətdar hadisə oldu. Prezident İlham Əliyevin zirvə toplantısındakı çıxışı isə yalnız təşkilata sədrlik edən ölkənin fəaliyyətinə dair hesabat deyil, həm də beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi, münaqişələrin həlli, ikili standartlarla mübarizə və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin geniş təqdimatı kimi diqqət çəkdi.
Dövlət və hökumət başçılarının, yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq dialoq üçün etibarlı platforma rolunu bir daha ön plana çıxardı. Müasir dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, beynəlxalq münasibətlərdə etimad böhranının yaşandığı, təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə belə bir tədbirin Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin çıxışının əsas məğzi də məhz bu reallıqlarla bağlı idi: dövlətlər arasında münasibətlər qarşılıqlı hörmətə, suveren bərabərliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanmalı, siyasi maraqlar hüquqi prinsiplərin yerini tutmamalıdır.
Nəzərə alsaq ki, Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilə qədər uzadıldı, bu, dövlətimizin xarici siyasətdə qazandığı çox ciddi diplomatik uğurdur. Ölkəmiz nəqliyyat, rəqəmsallaşma, ekologiya və iqtisadiyyat sahələrində təşəbbüslərini davam etdirərək Avrasiya məkanında təhlükəsizliyə və qarşılıqlı etimada mühüm töhfələr verməyə davam edəcəkdir."
Zeynəb Həsən
17:00 16.10.2026
Oxunuş sayı: 122