Deputat : AQEM-dəki uğurumuz Azərbaycanın iqtisadi imkanlarını genişləndirir
Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb və Zirvə Görüşünü rəsmi olaraq açıq elan edib. Dövlət başçımız çıxışında nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirib. Bakı Zirvə Görüşünün ən mühüm qərarlarından biri isə Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilə qədər uzadılması olub. Bu qərar ölkəmizin beynəlxalq platformalarda artan nüfuzunun, səmərəli moderaçılıq qabiliyyətinin və qlobal təşəbbüslərinə göstərilən yüksək etimadın bariz göstəricisidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, AQEM-in 7-ci Zirvə Görüşü beynəlxalq miqyaslı tədbir olaraq Azərbaycanın xarici əlaqələrinin güclənməsi və iqtisadi imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət kəsb edir:
"AQEM-in 7-ci Zirvə görüşü beynəlxalq tədbir olmaqla, Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsi, siyasi nüfuzunun artması və iqtisadi imkanlarının genişlənməsi baxımından çox əhəmiyyətlidir. Nəzərə alaq ki, Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilə qədər uzadılıb, bu, çox ciddi diplomatik uğurdur.
Konkret nəticələr baxımından qeyd etsək, biz böyük bir beynəlxalq platformaya ev sahibliyi etmək imkanı qazanırıq. Siyasi baxımdan diplomatik əlaqələrimizi dərinləşdirmək üçün əlavə platformalar əldə edirik. İqtisadi müstəvidə tranzit, investisiya, ticarət və turizm sahələrində yeni imkanlar qazanırıq. Təhlükəsizlik baxımından isə regional məsələləri birbaşa müzakirə etmək və qarşılıqlı etimad mühitini gücləndirmək üçün mühüm mexanizmlərə sahib oluruq."
Zeynəb Həsən
16:30 16.10.2026
Oxunuş sayı: 59