Tramp İspaniyanı hədəfə aldı, NATO-da yeni gərginlik yaranıb
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində İspaniyanı sərt tənqid edərək bu ölkəyə qarşı ticarət məhdudiyyətlərinin hazırlanması barədə göstəriş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "Outlook India" nəşri yazıb.
Nəşrin məlumatına görə, Tramp NATO-nun yeni müdafiə xərcləri hədəflərinə kifayət qədər dəstək vermədiyini əsas gətirərək İspaniyanı "pis tərəfdaş" adlandırıb.
ABŞ Prezidenti jurnalistlərə açıqlamasında "Onlarla heç danışmayın" deyərək maliyyə naziri Skott Bessentə İspaniya ilə ticarət əlaqələrinin dayandırılması istiqamətində iş aparılması barədə göstəriş verdiyini bildirib.
Məqalədə qeyd olunur ki, Trampın narazılığı təkcə müdafiə xərcləri ilə bağlı deyil. İspaniya NATO üzvləri arasında müdafiə büdcəsini ÜDM-in 5 faizinə çatdırmaq hədəfinə ən ehtiyatla yanaşan ölkələrdən biridir. Baş nazir Pedro Sançes hökuməti bu səviyyədə hərbi xərclərin ölkənin iqtisadi prioritetləri ilə uyğun gəlmədiyini bildirir.
"Outlook India" yazır ki, Vaşinqton və Madrid arasında İran siyasəti ilə bağlı da fikir ayrılıqları mövcuddur. İspaniyanın ABŞ-nin İrana qarşı əməliyyatlarında istifadə olunan bəzi bazaların hücum məqsədilə istifadəsinə icazə verməməsi Ağ Evdə narazılıq yaradıb.
Bununla belə, ekspertlər hesab edirlər ki, Trampın İspaniyaya qarşı genişmiqyaslı ticarət sanksiyaları tətbiq etməsi hüquqi baxımdan çətin olacaq. Çünki İspaniya Avropa İttifaqının üzvüdür və ticarət siyasəti Brüssel tərəfindən vahid şəkildə həyata keçirilir.
Nəşrin qeyd etdiyi kimi, Madrid hökuməti Trampın açıqlamalarına sərt reaksiya verməkdən çəkinərək gərginliyi artırmamağa üstünlük verib. İspaniya rəsmiləri ABŞ ilə iqtisadi əlaqələrin güclü olduğunu vurğulayaraq, iki ölkə arasındakı ticarətin siyasi bəyanatlardan asanlıqla təsirlənməyəcəyini bildiriblər.
"Outlook India" hesab edir ki, Trampın İspaniyanı açıq şəkildə hədəfə alması NATO daxilində fikir ayrılıqlarının hələ də qalmaqda olduğunu nümayiş etdirir.
13:29 14.07.2026
Oxunuş sayı: 50