Türkiyə Avropanın enerji mərkəzinə çevrilmək yolunda irəliləyir
Avropanın Rusiya qazından asılılığını azaltmaq siyasəti fonunda Türkiyənin qitənin əsas enerji qovşaqlarından birinə çevrilmək imkanları artır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "National Interest" nəşrində dərc olunan təhlildə bildirilir.
Nəşrin yazdığına görə, Rusiya-Ukrayna müharibəsindən sonra dəyişən enerji xəritəsi Türkiyə üçün tarixi imkan yaradıb. Ankara LNG terminalları, beynəlxalq boru kəmərləri, üzən qaz saxlama qurğuları, yeraltı qaz anbarları və Qara dənizdəki hasilat hesabına Avropa ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq enerji istehsalçıları arasında regional enerji mərkəzi olmağa çalışır.
Təhlildə qeyd olunur ki, uzun illər Avropanın enerji təhlükəsizliyi əsasən Rusiya qazını daşıyan boru kəmərlərinə söykənirdi. Lakin müharibədən sonra Avropa ölkələri alternativ mənbələrə üz tutub və mayeləşdirilmiş təbii qaz (LNG) yeni enerji strategiyasının əsas elementinə çevrilib.
"National Interest" bildirir ki, Türkiyə də bu dəyişiklikləri nəzərə alaraq son on ildə LNG infrastrukturuna böyük sərmayələr yatırıb. Ölkənin gündəlik qazlaşdırma gücü 2016-cı ildən əvvəl təxminən 37 milyon kubmetr olduğu halda, 2025-ci ildə 150 milyon kubmetrə çatıb.
Məqalədə "S&P Global Energy" məlumatlarına istinadən qeyd edilir ki, Türkiyənin LNG idxalı da əhəmiyyətli dərəcədə artıb. Ölkə 2024-cü ildə 9,17 milyon ton LNG idxal etdiyi halda, 2025-ci ildə bu göstərici 12,38 milyon tona yüksəlib ki, bu da illik müqayisədə təxminən 35 faizlik artım deməkdir.
Nəşr Türkiyənin enerji strategiyasının digər mühüm dayağının Qara dənizdəki Sakarya qaz yatağı olduğunu vurğulayır. Bildirilir ki, yataqda gündəlik hasilat artıq 9,5 milyon kubmetrə çatıb və yeni infrastrukturun istifadəyə verilməsi ilə bu həcmin 20 milyon kubmetrdən çox olması planlaşdırılır.
Təhlildə xatırladılır ki, 2025-ci ilin may ayında Göytəpə-3 quyusunda 75 milyard kubmetrlik yeni qaz ehtiyatı aşkarlanıb. Təxminən 30 milyard dollar dəyərində qiymətləndirilən bu ehtiyatın Türkiyənin məişət qazına olan tələbatını 3,5 il ödəyə biləcəyi bildirilir.
"National Interest" hesab edir ki, Türkiyənin LNG terminalları, beynəlxalq boru kəmərləri, Qara dənizdəki qaz hasilatı və strateji coğrafi mövqeyi onu Avropanın yeni enerji təhlükəsizliyi sisteminin əsas oyunçularından birinə çevirir. Bundan başqa, Ankara bu imkanlarla Şərqi Aralıq dənizində enerji balansının dəyişməsində də mühüm rol oynaya bilər.
13:11 14.07.2026
Oxunuş sayı: 45