KİV: Krım Rusiyanın üstünlüyündən strateji zəifliyinə çevrilir
ABŞ-nin "Politico" nəşri yazır ki, vaxtilə Rusiya Prezidenti Vladimir Putinin ən böyük geosiyasi uğurlarından biri hesab olunan işğal altındakı Krım indi həm hərbi, həm də siyasi baxımdan Moskvanın əsas zəif nöqtəsinə çevrilməkdədir.
Crossmedia.az xəbər verir ki, nəşr bunu Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr və yarımadada yaranan sosial-iqtisadi problemlərlə əlaqələndirir.
Məqalədə qeyd olunur ki, hazırda Krım sakinləri elektrik və su təchizatında fasilələr, yanacaq qıtlığı, mobil rabitədə problemlər və nəqliyyatın məhdud fəaliyyəti ilə üzləşirlər. Yanacaq satışına qoyulan məhdudiyyətlər, qiymət artımı və turizm mövsümünün zəifləməsi isə yarımadanın iqtisadi vəziyyətini daha da ağırlaşdırıb.
"Politico" yazır ki, Ukraynanın pilotsuz uçuş aparatları hərbi obyektlərin yaxınlığındakı enerji infrastrukturunu hədəfə alır, bu isə Rusiyanın cənubdakı logistikasına ciddi təsir göstərir. Nəşrin fikrincə, Ukrayna bununla Rusiyanı digər cəbhələrdən qüvvə çəkməyə məcbur etməyə və şəhərlərə hücumların intensivliyini azaltmağa çalışır.
Məqalədə vurğulanır ki, Krım 2014-cü ildə ilhaq olunduqdan sonra Rusiya üçün həm strateji hərbi baza, həm də Kremlin imperiya siyasətinin simvoluna çevrilmişdi. Lakin hazırkı vəziyyət yarımadanın Moskva üçün getdikcə daha böyük yükə çevrildiyini göstərir.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbər müavini İlya Pavlenko nəşrə bildirib ki, "Krım Rusiyanın imperiya ambisiyalarının qızıl açarıdır". Onun sözlərinə görə, yarımadanın geri qaytarılması yalnız hərbi vasitələrlə deyil, diplomatik, iqtisadi və informasiya alətlərinin birgə tətbiqi ilə mümkün ola bilər.
Ukraynanın "Müdafiə Strategiyaları Mərkəzi" analitik mərkəzinin sədri Andrey Zaqorodnyuk isə Krımın azad edilməsinin mümkün olduğunu, lakin bunun yaxın perspektivdə baş verməsinin real görünmədiyini deyib. O bildirib ki, yarımadanın geri qaytarılması həm Ukrayna, həm də Rusiya üçün uzunmüddətli və mürəkkəb proses olacaq.
12:43 14.07.2026
Oxunuş sayı: 56