Fransada Fontenblo meşəsində yanğın davam edir: 1900 hektardan çox ərazi külə dönüb
Fransanın Sena və Marn departamentində yerləşən Fontenblo meşəsində iyulun 12-də başlayan meşə yanğını hələ də nəzarət altına alınmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i Fransa mətbuatına istinadən məlumat yayıb.
Məlumata görə, Parisdən təxminən 60 kilometr məsafədə yerləşən meşədə yanğının söndürülməsi üçün 850-yə yaxın yanğınsöndürən cəlb olunub.
Sena və Marn Yanğınsöndürmə Xidmətinin məlumatına əsasən, indiyədək 1900 hektardan artıq ərazi yanaraq məhv olub.
Fransanın "Meteo-France" meteoroloji xidməti isə Sena və Marn daxil olmaqla 30 departamentdə meşə yanğınları riskinin yüksək olması səbəbindən narıncı təhlükə səviyyəsi elan edib.
"Parisin yaşıl ağciyəri" kimi tanınan Fontenblo meşəsində baş verən yanğın son 20 ildə Fransanın şimalında qeydə alınan ən böyük üçüncü meşə yanğını hesab olunur.
Qeyd edək ki, Fontenblo meşəsi və Qatine Təbiət Parkı Fransanın 10-cu biosfer qoruğu statusuna malikdir.
12:34 14.07.2026
Oxunuş sayı: 52