Rusiya ilə ticarətin azalması Ermənistan iqtisadiyyatını riskə atır
Beynəlxalq kredit agentliyi ˝Fitch Ratings˝ Ermənistanın kredit reytinqini BB- səviyyəsində saxlayıb və proqnozu müsbət olaraq təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, agentlik Ermənistan iqtisadiyyatı üçün yeni və mühüm risklər sırasında Rusiya ilə iqtisadi əlaqələrdə mümkün çətinlikləri göstərib. Bildirilir ki, əsas risklərdən biri Rusiyaya ixrac olunan bəzi məhsulların tədarükünə məhdudiyyətlərin tətbiq olunmasıdır. Qeyd olunur ki, Ermənistan ixracının təxminən 35 faizi Rusiyanın payına düşür.
˝Fitch˝ həmçinin Rusiya tərəfindən güzəştli şərtlərlə qaz və almaz tədarükünün dayandırılması ehtimalını risk kimi qiymətləndirib. Agentliyin məlumatına görə, Ermənistanın enerji istehlakının təxminən 61 faizi qazın payına düşür.
Bununla belə, ˝Fitch˝ qeyd edib ki, Rusiyanın mümkün ticarət məhdudiyyətlərinin Ermənistan iqtisadiyyatına təsirinin miqyası hələ tam aydın deyil. Ölkə büdcəsindən və Avropa İttifaqının dəstəyi ilə maliyyə yardımlarının ayrıldığı bildirilsə də, agentlik bunun nəticələri ilə bağlı ayrıca qiymətləndirmə təqdim etməyib.
˝Fitch˝-in proqnozuna əsasən, uzunmüddətli perspektivdə Ermənistan iqtisadiyyatının artımı təxminən 5 faiz səviyyəsində sabitləşə bilər. Buna səbəb kimi Amulsar qızıl yatağının istismara verilməsi, TRIPP nəqliyyat marşrutunun tikintisinin başlaması, Azərbaycanla sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədin açılması ehtimalı, eləcə də informasiya texnologiyaları sektorunun inkişafı göstərilib.
Azərbaycanla sülh danışıqları ilə bağlı ˝Fitch˝ bildirib ki, ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşma hərbi eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldıb. Lakin yekun sülh prosesinin tamamlanması ilə bağlı qeyri-müəyyənlik qalır.
İnflyasiya ilə bağlı agentlik gözləyir ki, 2026-cı ildə Ermənistanda orta illik inflyasiya 4,4 faiz təşkil edəcək, daha sonra isə tədricən 3 faizə enəcək.
˝Fitch˝ Ermənistan Mərkəzi Bankının əsas faiz dərəcəsini müvəqqəti olaraq 0,25 faiz artıraraq 6,75 faizə çatdıra biləcəyini proqnozlaşdırıb.
Agentliyin hesablamalarına görə, Ermənistanın real ÜDM artımı 2026-cı ildə 5,2 faizə enəcək. Müqayisə üçün, 2025-ci ildə bu göstəricinin 7,1 faiz olduğu qeyd olunur.
˝Fitch˝ həmçinin bildirib ki, Ermənistan hökumətinin borcunun ÜDM-ə nisbəti 2025-ci ilin sonunda 47,2 faizə düşüb. Agentliyin qiymətləndirməsinə görə, hökumətin pensiya və tibbi sığorta xərclərini artırmasına baxmayaraq, iqtisadi artım və Mərkəzi Bankın ehtiyatları hesabına borc səviyyəsi sabit qalacaq. Ermənistan Mərkəzi Bankının ehtiyatlarının may ayının sonunda 5,9 milyard dollar olduğu bildirilib.
19:40 13.07.2026
Oxunuş sayı: 62