Çin yeni nəsil qırıcıları barədə ABŞ-dən daha çox məlumat əldə etmək mümkündür
Çinin yeni nəsil döyüş təyyarələri barədə açıq mənbələrdə ABŞ-dən daha çox məlumat mövcuddur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Foreign Policy" yazıb.
Nəşrin bildirdiyinə görə, Çinin sualtı qayıqdan buraxılan ballistik raket sınağı açıq mənbələr üzrə çalışan analitiklər arasında geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bunun JL-2, yoxsa JL-3 raketi olduğunu müəyyənləşdirməyə çalışıblar. Bu isə Çin Xalq Azadlıq Ordusu haqqında texniki məlumatların əvvəlki dövrlərlə müqayisədə daha əlçatan olduğunu göstərir.
"Foreign Policy" qeyd edir ki, Soyuq müharibə dövründə Sovet ordusu haqqında məlumat toplamaq son dərəcə çətin olduğu halda, bu gün ənənəvi kəşfiyyat məlumatları açıq mənbələr (OSINT), internet və kommersiya peyk görüntüləri ilə tamamlanır. Bu imkanlar müstəqil analitiklərə Çin ordusunun inkişafını yaxından izləməyə şərait yaradır.
Nəşrin vurğuladığına görə, Çin özü də bu prosesə dolayısı ilə töhfə verir. Yeni silahlar hərbi paradlarda nümayiş etdirilir, müxtəlif videolar yayımlanır və bunun sayəsində hərbi texnikanın yerləşdiyi bazaları müəyyən etmək mümkün olur. Bundan əlavə, Çin internet məkanında qeyri-rəsmi foto və videolar da yayılır. Belə görüntülərdən birində avtomobil videoregistratoru yeni məxfi Çin qırıcısının enişini təsadüfən qeydə alıb.
"Foreign Policy" yazır ki, nəticədə Çin yeni nəsil qırıcıları barədə ABŞ-dən daha çox məlumat əldə etmək mümkündür. Halbuki ABŞ-ın F-47 layihəsi demək olar ki, tam məxfi saxlanılır.
Ekspertlərin fikrincə, Pekin bəzi məlumat sızmalarına qəsdən göz yumur. Çünki bu cür məlumatlar Çinin hərbi gücü və texnoloji imkanları barədə təsəvvürün möhkəmlənməsinə xidmət edir.
Nəşr əlavə edir ki, kommersiya peyk görüntüləri sayəsində analitiklər Çinin aviadaşıyıcılarının, raket şaxtalarının və Pekin yaxınlığında tikilən yeni iri hərbi qərargahın inşasını da izləyə bilirlər.
17:53 13.07.2026
Oxunuş sayı: 43