Türkiyə sement idxalını artırır
Ermənistanın “AraratSement” şirkətində yaranmış böhran İran və Türkiyədən sement idxalının artmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadçı Qaqik Makaryan açıqlamasında bildirib.
Onun sözlərinə görə, “AraratSement”in istehsal etdiyi məhsulun keyfiyyətində dəyişiklik baş verərsə, bunu ilk növbədə tikinti sektoru hiss edəcək. Makaryan qeyd edib ki, iri tikinti layihələrində əsasən yerli sementdən istifadə olunur və inşaat şirkətləri onun keyfiyyətindən razıdır.
İqtisadçı xatırladıb ki, Ermənistan hökuməti daha əvvəl yerli istehsalçını dəstəkləmək və İrandan sement idxalını azaltmaq məqsədilə gömrük rüsumlarını artırmışdı. Onun fikrincə, hazırda atılan addımlar isə əks nəticə verə və yerli istehsala ciddi zərər vura bilər.
Makaryan vurğulayıb ki, Türkiyə ildə təxminən 78 milyon ton, İran isə 72 milyon ton sement istehsal edir. Gürcüstanda sement zavodu fəaliyyət göstərsə də, onun istehsal gücü məhduddur. Azərbaycanın isə istehsaldan daha çox sement idxal etdiyi bildirilir. Bu səbəbdən ekspert “AraratSement” zavodunun fəaliyyətinin qorunmasının, həm müəssisədəki iş yerlərinin, həm də onun minlərlə digər müəssisə ilə əməkdaşlığının davam etdirilməsi baxımından vacib olduğunu qeyd edib.
Şirkətin mümkün dövlətləşdirilməsi məsələsinə toxunan Makaryan bildirib ki, belə bir addım əsaslandırılmış olmalıdır. Onun sözlərinə görə, dövlət özəl sektorun həyata keçirmədiyi investisiya, texnologiyaların modernləşdirilməsi və istehsal gücünün artırılması kimi konkret planları ortaya qoymalıdır.
22:20 12.07.2026
Oxunuş sayı: 58