240 avtomobil aldı, biri isə müəmmalı şəkildə yoxa çıxdı
Britaniyalı sahibkar Çarlz Fosett 2015-ci ildə 240 ədəd "Land Rover Defender" alaraq onları modernləşdirib yüksək qiymətə satmağı planlaşdırsa da, sonuncu avtomobil müəmmalı şəkildə yoxa çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Supercar Blondie" məlumat yayıb.
Bildirilir ki, "Twisted Automotive" şirkətinin təsisçisi Çarlz Fosett "Jaguar Land Rover" şirkətinin 2016-cı ildə klassik "Land Rover Defender" modelinin istehsalını dayandıracağını öyrəndikdən sonra 240 avtomobil almaq barədə təxminən 10 milyon dollarlıq müqavilə bağlayıb.
Onun planı avtomobilləri modernləşdirərək daha yüksək qiymətə satmaq olub. Bu strategiya uğurlu nəticə verib və bəzi yenilənmiş "Defender" modelləri 200-300 min dollara qədər alıcı tapıb.
"Biz "Land Rover" olmağa çalışmırıq. Sadəcə bu avtomobilin fərdiliyini qorumaq istəyirik. Bu, yalnız həvəsdən irəli gələn alışdır", – deyə Fosett bildirib.
Lakin layihə ilə bağlı ən maraqlı məqam sonuncu – 240-cı avtomobilin taleyi olub. Fosett avtomobilləri hissə-hissə təhvil alarkən ümumilikdə cəmi 239 avtomobil əldə edib.
"Onlar birini itirdilər", – deyə sahibkar "Resto Revival – Car Stories" adlı "YouTube" kanalına müsahibəsində bildirib.
Beləliklə, müqavilədə nəzərdə tutulan 240-cı "Land Rover Defender" bu günə qədər tapılmayıb və onun harada olduğu məlum deyil.
23:05 12.07.2026
Oxunuş sayı: 68