İnsan bədənində saçın gizli rolu ortaya çıxdı
İnsanların bədən tüklərini böyük ölçüdə itirməsinə baxmayaraq, baş dərisində saçların qalması uzun illərdir elm adamlarını maraqlandıran suallardan biri olub.
Crossmedia.az xəbər verir ki, alimlərin fikrincə, saç yalnız estetik görünüş üçün deyil, həm də bir sıra bioloji funksiyaları yerinə yetirir.
Laboratoriya alimi və bioloq Kristian Skorikin bildirib ki, başdakı saçlar beyni qoruyan təbii izolyasiya rolunu oynayır. Soyuq havalarda istiliyi saxlamağa, isti şəraitdə isə başın həddindən artıq qızmasının qarşısını almağa kömək edir.
Mütəxəssisin sözlərinə görə, saçlar həmçinin təri udur, ultrabənövşəyi şüalardan qoruyur və hissiyyat funksiyasında müəyyən rol oynayır.
Alimlər hesab edirlər ki, tarixən saç insanlarda cinsi seçim prosesində də rol oynaya bilərdi. Lakin müasir dövrdə papaq və digər qoruyucu vasitələr saçın bəzi funksiyalarını əvəz edə bilir.
Beləliklə, saç insan həyatı üçün həyati vacib olmasa da, orqanizmin qorunmasında bir neçə mühüm funksiyanı yerinə yetirir.
23:25 12.07.2026
Oxunuş sayı: 59