Məktəblərdə yeni sistem - Müəllimlərin maaşı artırılır
Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə ümumi təhsil sistemində tətbiqi planlaşdırılan tamştatlı müəllim modeli ilə bağlı mühüm açıqlamalar verib. Nazir bildirib ki, yeni model müəllimlərin fəaliyyətinin yalnız dərs saatları ilə məhdudlaşmamasını, onların məktəbdə elmi-metodik işlərə, şagirdlərlə fərdi məşğələlərə, peşəkar inkişaf proqramlarına və digər pedaqoji fəaliyyətlərə daha fəal cəlb olunmasını nəzərdə tutur. Məqsəd müəllim əməyinin daha səmərəli təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi və məktəbdaxili peşəkar mühitin gücləndirilməsidir. Bu modelin təhsil sistemində hansı dəyişikliklərə səbəb ola biləcəyi və müəllimlərin peşə fəaliyyətinə, şagirdlərin təhsil keyfiyyətinə və ümumilikdə Azərbaycan təhsilinin inkişafına necə təsir göstərəcəyi maraq doğurur.
Mövzu ilə bağlı Azərbaycan Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-a açıqlama verib:
Azərbaycan Respublikasında Elm və Təhsil Nazirliyi tərəfindən irəli sürülən “tamştatlı müəllim” modeli ölkənin ümumi təhsil sistemində saat hesabı əməkhaqqı modelindən korporativ və dayanıqlı iş mühitinə keçidi hədəfləyən köklü və mütərəqqi bir islahatdır. Nazir Emin Əmrullayevin açıqlamasına əsasən, bu sistem çərçivəsində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Bu statusu qazanan müəllimlər növbəti sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar. Ümumilikdə, bu modelin makro və mikro səviyyədə təhlilinə toxunmaq istərdim. Hesab edirəm ki, modelin funksional strukturu və səlahiyyət bölgüsü baxımından daha peşəkar yanaşma nümayiş etdirilir. Ənənəvi sistemdən fərqli olaraq, tamştatlı müəllim yalnız keçdiyi dərs saatına görə deyil, məktəbdə keçirdiyi ümumi iş vaxtına görə də öhdəlik daşıyacaq. İlkin layihələrə əsasən, həftəlik iş yükü 30–36 saat nəzərdə tutulur. Bunun 18–24 saatını birbaşa tədris, yəni dərs saatları təşkil edəcək. Qalan 12–18 saat isə dərsdənkənar akademik fəaliyyətlərə ayrılacaq. Buraya zəif şagirdlərlə fərdi iş, elmi-metodik fəaliyyət, mütaliə, layihələrin hazırlanması, sistem və rəqəmsal bacarıqların inkişafı və digər istiqamətlər daxildir”.

Ekspert əlavə edib ki, bütövlükdə iş yükü qeyd etdiyim formada təşkil olunacaq: “Bu modelin müsbət tərəflərinə gəlincə deyə bilərəm ki, ilk növbədə maliyyə dayanıqlılığı baxımından müəllimlərin əməkhaqqının ölkə üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə yüksək olması mühüm üstünlükdür. Eyni zamanda, məktəbdaxili mühitin formalaşması baxımından müəllimin repetitorluqdan uzaqlaşaraq tam şəkildə öz məktəbinə bağlanması da müsbət haldır. Bu model akademik keyfiyyətə də birbaşa təsir göstərəcək. Çünki həm kurikulumun, həm də metodik bazanın məktəb daxilində birgə inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Bütövlükdə bu model sertifikatlaşdırma təzyiqinin də aradan qalxması deməkdir. Çünki imtahanlarda davamlı yüksək nəticə göstərərək bu statusu qazanan müəllimlərin növbəti sertifikatlaşdırmalardan azad olunması onlarda psixoloji rahatlıq və gələcəyə dair sosial təminat hissi yaradacaq. Həmçinin bunu repetitorluq asılılığının azaldılması baxımından da müsbət qiymətləndirirəm. Çünki müəllimin məktəbdə daha çox vaxt keçirməsi və bunun qarşılığında yüksək əməkhaqqı alması onun məktəbdənkənar ödənişli hazırlıqlara, yəni maliyyə zərurətindən irəli gələn repetitorluğa ehtiyacını minimuma endirəcək. Bu baxımdan hesab edirəm ki, model repetitorluq asılılığının əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək. Eyni zamanda, dərsdənkənar saatların bir hissəsi birbaşa öyrənməkdə çətinlik çəkən şagirdlərə ayrılacaq. Bu da nazirliyin zəif şagirdlərlə sistemli məşğul olmaq strategiyasına tam uyğundur və həmin şagirdlərlə daha planlı və davamlı iş aparılmasına imkan yaradacaq. Digər tərəfdən, müəllimlər artıq “dərsini keç və get” prinsipi ilə deyil, vahid komanda kimi fəaliyyət göstərəcəklər. Bu isə məktəblərdə korporativ idarəetmə və əməkdaşlıq mədəniyyətinin formalaşması deməkdir”.
İ.Orucov vurğulayıb ki, model bütövlükdə mükəmməl görünsə də, real tətbiq mərhələsində müəyyən risklər də mövcuddur: “İlk olaraq, infrastruktur çatışmazlığını əsas risklərdən biri hesab edirəm. Çünki Azərbaycanın bir çox məktəbi iki, hətta üç növbəli fəaliyyət göstərir. Belə məktəblərdə müəllimin dərsdən sonra məktəbdə qalaraq əlavə fəaliyyət göstərməsi və ya şagirdlərlə fərdi işləməsi üçün fiziki imkanlar məhdud ola bilər. Müəllim otaqlarının, resurs mərkəzlərinin və digər zəruri infrastrukturun çatışmazlığı müəyyən problemlər yarada bilər. Digər mühüm risk bürokratik hesabatlılıq təhlükəsidir. Çünki müəllimlərin dərsdənkənar elmi və metodik fəaliyyətlərini qiymətləndirmək məqsədilə məktəb rəhbərliyi tərəfindən həddindən artıq hesabat tələb olunması riski mövcuddur. Bu isə müəllimi yaradıcılıq fəaliyyətindən uzaqlaşdıraraq formal sənədləşməyə yönəldə bilər. Digər problem isə saat hesabı işləyən müəllimlərlə tamştatlı müəllimlər arasında yarana biləcək disbalansdır. Çünki sistem faktiki olaraq iki kateqoriya müəllim formalaşdıracaq. Eyni məktəbdə çalışan müəllimlər arasında sağlam olmayan rəqabət, bəzən isə ayrı-seçkilik və narazılıq hissi yarana bilər. Növbəti risk isə nazirin də qeyd etdiyi kimi, kiçik və şagird sayı az olan kənd məktəblərində bu modelin tətbiqi ilə bağlıdır. Bu isə şəhər və kənd məktəbləri arasında təhsilin keyfiyyəti baxımından fərqi daha da dərinləşdirə bilər. Əslində, qanunvericilik və ümumilikdə hüquqi sənədlər dövlətin yaşayış yerindən asılı olmayaraq hər kəs üçün bərabər təhsil imkanları yaratmaq öhdəliyini müəyyən edir. Bu baxımdan kiçik və kənd məktəblərinin prosesdən kənarda qalması həmin öhdəliklərin tam yerinə yetirilməsi baxımından müəyyən problemlər yarada bilər. Bununla belə, bütün bu risklərə baxmayaraq, prosesi uğurlu hesab edirəm. Düşünürəm ki, tamştatlı müəllim modeli Azərbaycan təhsilini Avropa təhsil məkanına yaxınlaşdıran mütərəqqi addımdır. Xüsusilə Finlandiya kimi güclü təhsil ənənəsinə malik ölkələrdə bu yanaşma artıq özünü doğrultmuş modeldir. Mən həmin ölkələrdə olmuş, məktəblərin iş fəaliyyəti ilə yaxından tanış olmuşam və hesab edirəm ki, bu, praktikada öz effektivliyini sübut etmiş yanaşmadır. Lakin bu islahatın uğuru təhsilin rəqəmsallaşdırılması, məktəblərin infrastrukturunun yenilənməsi və məktəb direktorlarının şəffaf idarəetmə bacarıqlarından birbaşa asılı olacaq. Hesab edirəm ki, əgər bu model düzgün, obyektiv meyarlarla idarə olunarsa, yaxın illərdə Azərbaycan məktəblərində tədrisin keyfiyyətində ciddi və müsbət irəliləyişlərin şahidi olacağıq”.
Ayhan
12:00 02.07.2026
Oxunuş sayı: 49