Fransa İsrail nümayəndə heyətlərinin “Eurosatory 2026” sərgisində iştirakını qadağan edib
Fransa hökuməti iyunun 15-də Parisdə fəaliyyətə başlayan və iyunun 19-dək davam edəcək ˝Eurosatory 2026˝ müdafiə sənayesi sərgisində İsrailin rəsmi nümayəndə heyətlərinin və hökumət təmsilçilərinin iştirakını qadağan edib. Bundan əlavə, İsrailin milli pavilyonunun yaradılmasına da icazə verilməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Fransa tərəfi əvvəlcə İsrail şirkətlərindən yalnız müdafiə xarakterli silah və sistemləri nümayiş etdirməyi tələb edib. Daha sonra isə İsrailin sərgidəki stendlərinə əlavə məhdudiyyətlər tətbiq olunub və hücum xarakterli silahların nümayişi qadağan edilib.
İsrail Müdafiə Nazirliyi qərarı kəskin tənqid edərək onu ayrı-seçkilik kimi qiymətləndirib. İsrail rəsmiləri Fransa hakimiyyətinin addımını alçaldıcı və siyasi motivli qərar adlandırıblar.
˝Eurosatory˝ dünyanın ən böyük müdafiə və təhlükəsizlik sərgilərindən biri hesab olunur və bu il tədbirdə minlərlə şirkətin və onlarla ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
18:21 15.06.2026
Oxunuş sayı: 60