Brüssel niyə Bakıyla münasibətləri gərginləşdirir?
Avropa Parlamentinin Azərbaycana qarşı son qətnaməsi, Brüsselin aqressiyası və bunun ardınca Bakının verdiyi institusional-siyasi cavab ilk baxışda klassik siyasi qarşıdurma təsiri bağışlaya bilər: insan hüquqları, Qarabağ, erməni əhalinin geri dönüşü, hüquqi məsələlər və s. Lakin geosiyasi reallıq çox nadir hallarda yalnız görünən səbəblərlə işləyir. Əslində burada söhbət Avropa İttifaqının Azərbaycanla münasibətlərindən daha geniş bir məsələdən gedir: dəyişən Avrasiya düzənində Cənubi Qafqazın hansı güc mərkəzinin orbitində formalaşacağı, Orta Dəhlizin kimin geosiyasi nəzarətində olacağı, Ermənistanın hansı blokun funksional elementi kimi qalacağı və İran ətrafında mümkün böyük müharibə fonunda enerji-logistika xəritəsinin necə dəyişəcəyi. Azərbaycan ətrafında artan ritorika bu mənada yalnız Bakı ilə bağlı deyil; bu, yeni regional düzənin memarlığı uğrunda gedən daha böyük rəqabətin siyasi simptomudur.
Ən vacib başlanğıc nöqtə ondan ibarətdir ki, Avropa İttifaqı vahid iradəli monolit geosiyasi aktor deyil. Brüssel institutları, Avropa Parlamenti, Avropa Komissiyası, böyük dövlətlər – Fransa, Almaniya, İtaliya – və Şərqi Avropa ölkələrinin maraqları çox zaman üst-üstə düşmür. Azərbaycana münasibətdə də bu parçalanma görünür. Bir tərəfdən Aİ-nin enerji təhlükəsizliyi baxımından Azərbaycan qazına, Xəzər resurslarına və Orta Dəhlizə ehtiyacı artır; digər tərəfdən Avropa Parlamenti və müəyyən siyasi dairələr Bakıya təzyiq ritorikasını yüksəldir. Bu ziddiyyət təsadüfi deyil. Burada iki Avropa var: biri enerji, logistika və təhlükəsizlik baxımından praqmatik Avropa; digəri isə normativ təsir imkanlarını qorumağa çalışan siyasi-institusional Avropa. Azərbaycanın artan strateji çəkisi bu iki xətt arasındakı daxili ziddiyyəti daha görünən edir.
Məsələnin Ermənistan tərəfi xüsusi diqqət tələb edir. Ermənistan uzun illər Rusiya təhlükəsizlik sisteminin Cənubi Qafqazdakı əsas dayaq nöqtələrindən biri idi. Paşinyan dönəmində bu model qırılmağa başladı. Ermənistanın Qərbə yaxınlaşması, KTMT-dən məsafələnməsi, Türkiyə və Azərbaycanla normallaşma siqnalları əslində region üçün tamamilə yeni konfiqurasiya yaradır. Formal baxışda Aİ bunun tərəfdarı olmalıdır, çünki regionda sülh və Rusiyanın təsirinin azalması Brüsselin maraqlarına uyğun görünür. Amma məsələ bu qədər sadə deyil. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə birbaşa anlaşma modelinə keçərsə, bu halda Brüsselin “vasitəçi”, “demokratik himayədar” və “siyasi balanslaşdırıcı” rolu zəifləyə bilər. Yəni Avropa İttifaqı sülh istəyir, lakin prosesin siyasi memarlığında əsas oyunçulardan biri kimi qalmaq şərtilə. Bakı-Ankara-İrəvan xətti birbaşa işləməyə başlasa, Aİ-nin regionda siyasi təsir və proseslərə yönvermə imkanları zəifləyər. Bu səbəbdən, bəzən normativ ritorika geosiyasi mövqe qoruma mexanizminə çevrilir.
Rusiyanın burada hesabı daha sərtdir. Moskva üçün Ermənistanın tamamilə orbitdən çıxması yalnız bir ölkə itkisi deyil; bu, Cənubi Qafqazda post-sovet təhlükəsizlik sisteminin strateji çökməsi deməkdir. Ona görə də Qarabağ məsələsinin “tam həll olunmaması”, revanşist ritorika və daxili siyasi destabilizasiya ssenariləri Kremlin əlində təzyiq alətləri kimi qala bilər. Bu kontekstdə Azərbaycan-Ermənistan sülhü yalnız iki ölkə arasında müqavilə deyil; bu, Rusiya təsirinin struktur səviyyədə azalması deməkdir. Paradoks ondadır ki, bu ssenari Brüssel üçün prinsipcə müsbət olsa da, əgər həmin sülh Avropa nəzarətindən kənar regional platforma üzərində qurularsa, Aİ üçün siyasi narahatlıq yarada bilər.

İran faktoru isə bütün bu mənzərəni regional yox, qlobal miqyasda dəyişir. ABŞ-İsrail-İran qarşıdurmasının genişmiqyaslı hərbi fazaya keçməsi ehtimalı yalnız təhlükəsizlik problemi deyil; bu, enerji və logistika şokudur. Hörmüz boğazı və Körfəz xəttində hər hansı ciddi pozulma dünya bazarlarında enerji qiymətlərini yüksəldər, Avropanı yeni enerji böhranına sürükləyər, Çin üçün isə strateji idxal riskləri yaradar. Belə bir vəziyyətdə Azərbaycan üzərindən keçən marşrutlar – Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Transxəzər perspektivi – bir anda regional layihədən qlobal təhlükəsizlik arteriyasına çevrilə bilər. Burada əsas məqam budur: Azərbaycan artıq sadəcə enerji təchizatçısı deyil, geosiyasi sabitlik platforması roluna yüksəlir.
Məhz bu nöqtədə Orta Dəhliz məsələsi kritikləşir. Çin-Avropa ticarətində Rusiya marşrutunun Ukrayna müharibəsindən sonra riskli hala gəlməsi, İran xəttinin isə potensial müharibə təhlükəsi daşıması fonunda Transxəzər-Orta Dəhliz daha cəlbedici olur. Bu marşrutun mərkəzində Azərbaycan dayanır. Bu isə Bakıya yalnız iqtisadi gəlir yox, siyasi imkanlar verir. Geosiyasətdə tranzit yalnız daşınma deyil; bu, təsir imkanlarıdır. Kim keçidi idarə edirsə, o, siyasi danışıqlarda əlavə güc qazanır. Avropa İttifaqının müəyyən dairələrinin Azərbaycan qarşısında ikili siyasət yürütməsi məhz buradan doğa bilər: ehtiyac artır, amma ehtiyac artdıqca qarşı tərəfin siyasi çəkisi də böyüyür.

12:12 02.05.2026
Oxunuş sayı: 1499