Biznes və insan hüquqları üzrə Dövlət Proqramı nə vəd edir?- Hüquqşünas açıqladı
Azərbaycanda insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması təklif edilir. Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmini, müdafiəsi və təşviqi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq müasir çağırışlara, yeni dövrün tələblərinə və mövcud prioritetlərə uyğun, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə növbəti illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması vacibdir.
Məruzədə həmçinin, ölkədə biznes fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının təmini, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədilə "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı"nın hazırlanıb qəbul olunması təklifi də yer alıb.
Mövzu barədə Crossmedia.az-a açıqlama verən hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev hüquqi baxımdan təklifi əhəmiyyətli gördüyünü qeyd edib:

"Azərbaycanda bu sahədə əvvəllər də dövlət sənədləri olub: 2006-cı ildə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 2011-ci ildə isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Yeni proqram ideyası da həmin xəttin davamı kimi təqdim olunur. Məzmun baxımından təklifin əsas üstünlüyü ondadır ki, insan hüquqları yalnız klassik mənada “pozuntuya reaksiya” kimi yox, daha geniş idarəetmə məsələsi kimi görülür. Məruzədə hüquq mədəniyyətinin inkişafı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq müdafiə sisteminin gücləndirilməsi, müxtəlif əhali qruplarının hüquqlarının qorunması və beynəlxalq-regional əməkdaşlığın artırılması ayrıca vurğulanır. Bu isə o deməkdir ki, sənəd qəbul olunsa, tək bir sahəni yox, həm qanunvericilik, həm icra, həm maarifləndirmə, həm də institusional koordinasiyanı əhatə etməlidir".
Ə.Allahverdiyevin sözlərinə görə, "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı” ilə bağlı olan aspekt maraq doğuran məsələlərdəndir. Belə ki, bu beynəlxalq təcrübədə geniş yayılmışdır:
" Şirkətlər yalnız gəlir əldə edən subyekt kimi deyil, əmək hüquqları, ayrı-seçkiliyin qarşısının alınması, təhlükəsiz iş şəraiti, ətraf mühitə təsir, istehlakçı hüquqları və korporativ məsuliyyət baxımından da öhdəlik daşıyan aktor kimi qəbul edilir. Ombudsman institutunun saytında da bu istiqamət ayrıca mövzu kimi təqdim olunur və 2025-ci ildə “Biznes və İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Planı” mövzusunda tədbir keçirildiyi görünür.Bu hissədə xüsusi diqqət yetitiləcək məsələ sənədin hazırlanmasıdır. Əgər yeni Milli Fəaliyyət Proqramında konkret icra mexanizmləri, məsul qurumlar, müddətlər, ölçülə bilən göstəricilər və ictimai hesabatlılıq mexanizmi olmazsa, sənəd formal xarakter daşıya bilər. Yəni hüquqi baxımdan gözəl yazılmış proqram praktik nəticə verməyə də bilər. Bu cür sənədlərin effektivliyi adətən 4 amildən asılı olur: real problemlərin düzgün müəyyənləşdirilməsi, konkret tədbirlər planı, qurumlararası koordinasiya və müntəzəm monitorinq. Bu nəticə mövcud və əvvəlki proqramların məqsəd məntiqindən də çıxır".
Fatimə
17:22 14.03.2026
Oxunuş sayı: 60