Ermənistanın davam edən mina problemi: Necə həll olunmalıdır?
2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi hələ də ciddi problem olaraq qalır. Rəsmi məlumatlara görə, müharibənin bitməsindən indiyədək 419 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 72 nəfəri həyatını itirib. Bu fakt bir daha göstərir ki, Ermənistanın illər ərzində işğal olunmuş ərazilərdə basdırdığı minalar hələ də insanların həyatı və təhlükəsizliyi üçün böyük risk yaradır.
Bəs bu ağır nəticələrə görə Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırmı və mina qurbanı olan vətəndaşlara kompensasiya ödənilməsi məsələsi gündəmə gətirilə bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib:

"Ermənistanın işğalı nəticəsində Azərbaycanın keçmiş işğal olunmuş torpaqlarında təxminən 1 milyona yaxın piyada əleyhinə mina basdırılması faktı mövcuddur. Bu isə sanki bizim 1 milyona yaxın keçmiş məcburi köçkün və qaçqınlarımızın hər biri üçün bir minanın basdırılması deməkdir. Bu, ağır və bəşəriyyət əleyhinə olan bir cinayətdir.
Hələ də Ermənistanın keçmiş işğalının nəticələrini üzərimizdə hiss edirik. İnsanlarımız hələ də həlak olur, mina qurbanlarının olduğunu görürük. Təbii ki, bu, böyük bir beynəlxalq cinayət hesab olunur və piyada əleyhinə minalarla bağlı beynəlxalq konvensiyalar mövcuddur.
Beynəlxalq hüquqda və beynəlxalq münasibətlərdə bu məsələ çox həssas hesab olunduğuna görə xüsusi konvensiyalar vasitəsilə tənzimlənir. Piyada əleyhinə minaların qadağan edilməsi ilə bağlı Ottava Konvensiyası mövcuddur. Yəni bu məsələ beynəlxalq ictimaiyyətin və beynəlxalq humanitar hüququn üzləşdiyi ən ağır və çətin problemlərdən biridir".
Deputat əlavə edib ki, Ermənistan bu məsələlərlə bağlı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyır: "Ermənistan dövləti burada dövlət olaraq məsuliyyətini etiraf etməli və qəbul etməlidir. Eyni zamanda mina qurbanı olan şəxslərə kompensasiyanın ödənilməsi məsələsi beynəlxalq humanitar hüququn tələblərindən biridir.
Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edilib, bərpa və quruculuq işləri davam edir, insanlar öz torpaqlarına geri qayıdır. Lakin yenə də görürük ki, mina problemi ciddi təhlükə olaraq qalır. Hətta təmizlənmiş ərazilərdə belə mina təhlükəsi yenidən meydana çıxa bilər.
Belə ki, “gəzən minalar” deyilən bir problem mövcuddur. Torpağın sürüşməsi, çayların daşması və ya su axınlarının dəyişməsi nəticəsində minalar öz yerini dəyişə və əvvəllər təmizlənmiş ərazilərə gəlib çıxa bilər. Bu, dünyada da mövcud olan bir problemdir.
Ona görə də bu məsələ həm obyektiv, həm də subyektiv xarakter daşıyır və bəzən insanların iradəsindən asılı olmur. Məsələn, mina sahəsi təmizlənir, lakin güclü yağışlar yağır, çaylar məcrasından çıxır və minaları başqa ərazilərə gətirə bilir.
Bu səbəbdən, ilk növbədə beynəlxalq humanitar hüquqa uyğun olaraq Ermənistanın gələcəkdə bu məsələ ilə bağlı məsuliyyət daşıması və kompensasiya ödənilməsi məsələsi gündəmdə saxlanılmalıdır. Eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətini daim bu problemə yönəltmək vacibdir.
Bununla yanaşı, beynəlxalq humanitar yardımların və mina təmizlənməsi ilə bağlı beynəlxalq praktikaların Azərbaycana cəlb olunması da məqsədəuyğun hesab olunur. Çünki Azərbaycanın Mina Təmizləmə Agentliyi və dövlət qurumları artıq bu sahədə kifayət qədər ciddi və müsbət təcrübə formalaşdırıblar.
Lakin bu elə bir problemdir ki, təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin üzləşdiyi problemlərdən biridir. Bu, Ermənistan işğalının ağır nəticələrinin növbəti göstəricisidir. Buna görə də biz bu problemi daim diqqətdə saxlamalı, ehtiyatla davranmalı və onun həlli istiqamətində həm beynəlxalq təcrübə, həm də milli qanunvericilik çərçivəsində fəaliyyətimizi davam etdirməliyik".
Ayhan
15:49 14.03.2026
Oxunuş sayı: 56