Azərbaycan müxalifəti birləşir? - Partiya sədrlərindən açıqlama
Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov Crossmdia.az-a müsahibəsində səsləndirdiyi fikirlər geniş müzakirə olunmaqdadır. Belə ki, o, müxalifət partiyalarının vahid platformadan çıxış etməsinin daha effektiv ola biləcəyini söyləyib. Belə bir platforma, xüsusilə seçki islahatları, demokratik prinsiplərin gücləndirilməsi və idarəetmədə şəffaflıq kimi əsas məsələlərdə ortaq mövqenin formalaşdırılmasına imkan verə bilər. Bu, dialoqun səmərəliliyini artırır və siyasi tərəflər arasında koordinasiyanı gücləndirir. Digər tərəfdən, çoxpartiyalı sistemlərdə hər partiyanın öz ideoloji baxışı, proqramı və prioritetləri olur və bu müxtəliflik demokratik cəmiyyətlərin əsas xüsusiyyətidir. Hər partiyanın fərqli yanaşmaları və mövqeləri demokratik rəqabəti təmin edir, vətəndaşların müxtəlif maraqlarının təmsil olunmasını gücləndirir və siyasi hesabvericiliyi təmin edir. Odur ki, partiyaların yalnız müəyyən fundamental məsələlər ətrafında ortaq platforma formalaşdırması praktik və faydalı hesab oluna bilər, lakin bütün məsələlərdə vahid mövqe tələb etmək demokratik müxtəlifliyi zəiflədə və siyasi dinamizmi azalda bilər.
Crossmedia.az məsələ ilə bağlı partiya sədrlərinin fikirlərini öyrənib.

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə vaxtı ilə bu təkliflə çıxış etdiyini bildirib: " Sonuncu dəfə 2019-cu ildə belə bir təşəbbüs irəli sürülmüşdü. Həmin dövrdə Azərbaycan Xalq Partiyasının sədri hörmətli Pənah Hüseyn idi və ilkin təşəbbüs Milli İstiqlal Partiyası olaraq bizdən gəlmişdi. Daha sonra biz dörd partiya — Azərbaycan Xalq Partiyası, Ağ partiya, Böyük Azərbaycan Partiyası və Milli İstiqlal Partiyası — birlikdə çıxış edərək ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalarla vahid sənədin hazırlanması üçün kampaniyaya başladıq. Həmin vaxt 14-15 partiyanın iştirakı ilə bir sənədin hazırlanmasına nail olundu ki, bu da müəyyən mənada rekord idi. Digər partiyalar isə müxtəlif səbəblərdən — bəziləri fərqli yanaşma sərgilədiyi, bəziləri isə başqa mövqe tutduğu üçün — prosesdən kənarda qaldılar. Bununla belə, təklif etdiyimiz siyasi islahatlarla bağlı paketdə yer alan bəzi məqamlar qəbul edildi. 2020-ci ildən sonra Prezident Administrasiyasında Azərbaycanda ilk dəfə olaraq siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş üzrə yeni bir mexanizm formalaşdı. 2020-ci ilin fevral ayından başlayaraq həmin strukturun bilavasitə koordinasiyası ilə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalarla dialoq mühitinin formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, siyasi partiyalarla dialoq mühiti formalaşdırılmalıdır və sonrakı dövrlərdə də bu mövqe bir neçə dəfə ifadə olunub. Bu baxımdan hesab edirəm ki, belə bir mühit artıq mövcuddur. Bu dialoqu davam etdirmək hər zaman zəruridir və hətta vacibdir. Çünki ölkədə çoxpartiyalı sistem mövcuddur və bu sistem şəraitində siyasi partiyaların bütün proseslərdə iştirakı həm dövlətin güclənməsi, həm də məsələlərə daha düzgün və obyektiv yanaşmanın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Ağ partiya sədri Tural Abbaslı isə söyləyib ki, ölkədə dialoq mühiti var: "2019-cu ildən etibarən iqtidar-müxalifət dialoqu minimal formada da olsa formalaşıb. Bu mühitin daha da inkişaf etdirilməsi, genişləndirilməsi və şaxələndirilməsi əlbəttə ki, vacibdir. Dialoqun daha sistemli və davamlı xarakter alması üçün əlavə addımlar atıla bilər. Eyni mövqedən çıxış etmək ideya baxımından müsbət görünə bilər. Xüsusilə iqtidar qarşısında vahid mövqenin sərgilənməsi nəzəri olaraq cəlbedici modeldir. Lakin praktik baxımdan bunun reallaşması çətindir. Çünki hər siyasi partiyanın öz hədəfləri, ideologiyası, siyasi baxışları və müxtəlif məsələlərə fərqli yanaşmaları var. Necə ki, bir ailədə beş övladın hər birinin fikri fərqli ola bilər, siyasi partiyalar arasında da baxış müxtəlifliyi təbiidir. Bundan əlavə, partiya rəhbərlərinin şəxsi keyfiyyətləri, idarəetmə üslubu və siyasi prioritetləri də bu prosesə təsir göstərir. Bütün bu amillər vahid mövqenin formalaşmasını çətinləşdirir. Bu baxımdan vahid mövqe ideya olaraq müsbət və arzuolunan görünə bilər, lakin praktikada reallaşdırılması olduqca mürəkkəb və çətin məsələdir".

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə söyləyib ki, müxalifətlə İqtidar arasında dialoq mühiti artıq formalaşdırılıb və müəyyən səviyyədə mövcuddur: "Bu mühit ölkə rəhbərliyinin iradəsi ilə yaradılıb. Xüsusilə Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş istiqamətində qurulan mexanizm bu prosesdə mühüm rol oynayıb. Prezidentin qərarları və aidiyyəti qurum əməkdaşlarının fəaliyyəti nəticəsində dialoq mühiti formalaşıb. Nəticə etibarilə iqtidarla müxalifət arasında daha normal münasibətlər yaranıb, əvvəlki gərgin və kəskin münasibətlərə müəyyən mənada son qoyulub. Bu münasibətlərin nəticəsi olaraq siyasi partiyalar üçün daha əlverişli fəaliyyət imkanları, o cümlədən ofis təminatı kimi məsələlər həllini tapıb. Dialoq mühiti mövcuddur və tərəflər arasında artıq daha işgüzar münasibətlər formalaşıb. Konkret olaraq kiminsə fəaliyyəti barədə əlavə fikir bildirmək istəmirəm, lakin ümumilikdə siyasi partiyalar üçün daha normal və konstruktiv əməkdaşlıq şəraitinin yarandığını demək olar".

Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı da məsələyə münasibət bildirib: "Təbii ki, hər partiyanın öz nizamlama prinsipləri, keçdiyi yolu və strategiyası var. Müharibədən əvvəl milli məsələlərdə — Azərbaycanın torpaq bütövlüyünün bərpası uğrunda mübarizədə, Ermənistanın təcavüzünün qarşısının alınmasında — biz birliyimizi ifadə etdik və bu istiqamətdə müəyyən sənəd imzaladıq. Bu sənəd göstərirdi ki, həmin məsələlərdə partiyalar ortaq mövqedə olacaqlar. Bu birlik bu günə qədər davam edir və hesab edirəm ki, torpaqların bütövlüyü bərpa olunana, əsas ciddi sülh müqaviləsi bağlanana və Qarabağın yenidən qurulmasına qədər bu birlik davam edəcək. Bununla belə, bu o demək deyil ki, bütün partiyalar digər partiyaların mövqeyini eyni şəkildə təkrarlayır. Hər partiyanın öz yanaşması ola bilər, lakin ümumi xətt və həmrəylik prinsipləri pozulmadan hər kəs öz sözünü demək imkanına malikdir".
Ayhan
11:27 05.03.2026
Oxunuş sayı: 1726