Süni intellekt, çörəyimizi əlimizdən alma...
Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə bəzi peşələrin avtomatlaşdırmaya qarşı daha davamlı qalacağı ortaya çıxıb. Tədqiqatçılar süni intellektin güclü olduğu sahələri deyil, insan amilinin uzun müddət rəqabət üstünlüyünü qoruyub saxlayacağı istiqamətləri araşdırıblar. Nəticələr göstərir ki, elmi kəşf, fiziki mühakimə, ekspertiza, emosional zəka və mürəkkəb proqramlaşdırma sahələri süni intellektin əvəzləməkdə çətinlik çəkdiyi əsas sahələrdir. Analitiklər hesab edirlər ki, yaxın perspektivdə bu sahələrdə insan amili hələ də önəmli rol oynayacaq.
Məlum olduğu kimi, süni intellekt həyatımzı dəyişir. Bu dəyişiklik peşələrin tədricən sıradan çıxarılmasında, yaxud tranformasiyasında da özünü göstərir.
Süni intellekt sanki işimizi, çörəyimizi əlimizdən alır. Elə isə nə etməli?

Bu barədə Crossmedia.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, süni intellekt əmək bazarında insanı tam əvəz edə bilməyəcək, əksinə, yeni iş sahələri və peşələr yaradacaq: "Tarixi təcrübə göstərir ki, hər innovasiya dövründə insanlar qorxuya düşsələr də, nəticədə yeni fürsətlər ortaya çıxıb və insan funksionallığı həmişə aktuallığını saxlayıb. XVIII əsrdə sənaye inqilabı zamanı dəzgahların və maşınların ortaya çıxması da insanları qorxutmuşdu. Hətta Luddistlər hərəkatı yaranmışdı – insanlar dəzgahları sındıraraq etirazlarını bildirirdilər. Ancaq zaman göstərdi ki, yeni texnologiyalar insan üçün yeni imkanlar açır. Süni intellekt nə qədər inkişaf etsə də, insanın intelektual və emosional funksiyaları onu tam əvəz edə bilməyəcək. İnsan həmişə aktuallığını saxlayacaq, yeni peşələr və iş sahələri yaranacaq. Bu isə işçi qüvvəsi üçün əlavə imkanlar yaradacaq".
Sosioloq qeyd edib ki, süni intellektin inkişafı həm də insan yaradıcılığını stimullaşdırır və əmək bazarında rəqabəti artırır: "İnsan daim özünü təkmilləşdirməli və yaratdıqlarını inkişaf etdirməlidir. Bu proses əbədi və bəşəri bir tendensiya olaraq qalacaq".
Süni intellektin sürətli inkişafı göstərir ki, avtomatlaşdırma əsasən təkrar olunan və qaydalara əsaslanan işləri əvəz edir, lakin mürəkkəb qərarvermə, yaradıcı düşüncə və sosial kontekst tələb edən sahələr hələ də insan üçün rəqabət üstünlüyünü qoruyur.

İnformasiya Kommunikasiya Texnologiyaları üzrə eksprert Elvin Abbasovun fikrincə, süni intellektin 2026-cı ilə qədər olan inkişaf trayektoriyası göstərir ki, avtomatlaşdırma dalğası ilk növbədə təkrar olunan, qaydalara əsaslanan və böyük həcmli məlumatların emalını tələb edən peşələri sıradan çıxaracaq və ya köklü şəkildə dəyişəcək: "Texniki baxımdan bu, süni intellektin məlumatları insandan milyonlarla dəfə sürətli analiz etməsi və səhv payının minimum olması ilə bağlıdır. Xüsusilə data girişi üzrə mütəxəssislər, mühasibat uçotunun texniki hissəsi ilə məşğul olanlar, ilkin səviyyəli müştəri xidmətləri operatorları və standart hüquqi sənədlərin tərtibi kimi sahələr artıq tamamilə alqoritmlərin ixtiyarına keçir. Logistika və anbar idarəçiliyi, eləcə də sadə proqram kodlarının yazılması və test edilməsi sahələri süni intellekt tərəfindən ən yüksək avtomatlaşdırma riskinə məruz qalan peşələr sırasındadır. Bu proses təkcə iş yerlərinin itirilməsi demək deyil, peşələrin transformasiyası mənasını da daşıyır. Süni intellekt mürəkkəb analitika və proqnozlaşdırma imkanları sayəsində maliyyə analitikləri, radioloqlar və tərcüməçilər kimi yüksək ixtisaslı peşələrin iş yükünün 70-80%-ni öz üzərinə götürür. Bunun nəticəsində həmin mütəxəssislər artıq "icraçı"dan daha çox "nəzarətçi" və "strateq" statusuna qalxırlar".
E. Abbasov əlavə edib ki, gələcəkdə "yoxa çıxan" peşələrin yerini süni intellekt təlimatçıları (prompt engineers), rəqəmsal etika mütəxəssisləri və süni intellektlə insan arasındakı iş axınını tənzimləyən koordinatorlar kimi tamamilə yeni sahələr tutacaq: "Texnologiya rutini əvəzləyir, lakin mürəkkəb qərarvermə və yaradıcı yanaşma tələb edən rolları daha da qiymətli edir".

Media eksperti Nəmənd Rüstəmov isə söyləyib ki, son 1-2 ildə istehsal olunan mobil telefonlar, televizorlar və digər texniki cihazlar əsasən süni intellekt proqramları üzərində qurulur və satışa çıxarılır: " Süni intellekt proqramları artıq həyatımızın, günümüzün və olmazsa olmazımızın bir hissəsinə çevrilməkdədir. Bu, istəsək də, istəməsək də həyatımızın bütün sahələrinə təsir edir. Dünyanın əksər yerlərində, o cümlədən Azərbaycanda, televiziyalar süni intellekt proqramları ilə işləyən aparatların xidmətindən istifadə edir. Həmçinin xəbərlərin hazırlanmasında və audio-vizual kontentin yaradılmasında süni intellekt alətlərindən sürətli, davamlı və sistemli şəkildə istifadə olunur",- deyə o vurğulayıb.
N. Rüstəmov nümunə gətirib ki, Yaponiya və ABŞ-də fəaliyyət göstərən OpenAI şirkətinin "SORA" adlı proqramı audio-vizual kontentləri çox yüksək peşəkarlıqla hazırlaya bilir: "Texniki baxımdan bu, qrafik dizayn proqramıdır, amma hazırladığı audio-vizual kontentlər yüksək keyfiyyətli nümunələr ortaya qoyur və bu nümunələr YouTube və digər platformalarda izlənilə bilər. Bütün bunlar artıq yeni çağırışlar ortaya qoyur. Məsələn, bir dəfə 5000–10000 ABŞ dolları civarında bir proqramın peşəkar versiyasını kompüterinizə yükləyirsiniz, tapşırığı verirsiniz və sizə lazım olan audio-vizual kontenti, xəbəri və ya aparıcılıq materialını əldə edirsiniz. Yeni texnologiyalar əsasında istənilən səslə istifadə etmək mümkündür və burada bəzi hüquqi və etik məsələlər də meydana çıxır ki, bu ayrıca bir mövzu olaraq qalır".
Süni intellekt proqramlarının jurnalistikaya sürətli transformasiyasının media münasibətlərinə ciddi təsir göstərdiyini bildirən N. Rüstəmov qeyd edib ki, fevral ayında ABŞ-nin nüfuzlu "The Washington Post" qəzeti 800 əməkdaşından 300 nəfərini ixtisar edib və bu təxminən 30–40%-lik bir hissəni təşkil edir: "Səbəb kimi göstərilən amillərdən biri iqtisadi baxımdan insan əməyinin süni intellekt proqramlarından daha bahalı olması idi. Artıq süni intellekt proqramları jurnalistlər və media sektorunun digər işçiləri üçün ciddi rəqibə çevrilib. Aparıcılar, redaktor funksiyaları və hətta ən sadə telefonlarda mövcud olan korrektə proqramları buna misaldır. Bütün bu proses insanlar arasındakı sosial və psixoloji proseslərə, həmçinin maddi və texniki sahələrə təsir göstərir. Süni intellektin üstün cəhətləri olduğu kimi, çatışmazlıqları da var. Jurnalist və media sektorunda çalışan insanlar maksimum çalışmalıdırlar ki, sahələrində peşəkar olsunlar və hər fürsətdə ixtisar olunma və əvəzlənmə riskindən qorunsunlar. Bu qorunmanın ən yaxşı yolu daha peşəkar olmaq, işini yüksək səviyyədə bacarmaq və daha universal olmaqdır".
Nigar Yahyazadə
12:17 19.02.2026
Oxunuş sayı: 1065