Sülhə hazırıq, amma...
Azərbaycan və Ermənistan arasında uzun illər davam etmiş münaqişənin ardından əldə olunan sülh təcrübəsi bölgə üçün əhəmiyyətli bir nümunə kimi diqqət çəkir. Son altı ay ərzində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmış, etimad və dialoq mühiti gücləndirilmişdir.
Bu təcrübə yalnız tərəflər üçün deyil, həm də digər münaqişə zonalarında sülhün mümkün olduğunu göstərən bir yol xəritəsi rolunu oynayır. Azərbaycan liderinin vurğuladığı kimi, uzunmüddətli münaqişələr və qarşılıqlı etimadsızlıq fonunda belə sülh və əməkdaşlıq mümkündür və nümunəvi model olaraq öyrənilməlidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi “nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə baxmayaraq, sülh mümkündür” fikri abstrakt optimizm deyil, konkret tarixi və siyasi faktlara söykənən bir mövqedir. Azərbaycan 30 ilə yaxın davam etmiş, regionda ən mürəkkəb və köklü münaqişələrdən biri hesab olunan Qarabağ problemini hərbi, siyasi və diplomatik müstəvidə həll edə bildi.

Onilliklər boyu beynəlxalq vasitəçilik mexanizmlərinin nəticə vermədiyi, status-kvonun “əbədi” kimi təqdim olunduğu bir şəraitdə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bununla da göstərdi ki, hətta dondurulmuş sayılan münaqişələr belə həll oluna bilər. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş təmas xəttinin faktiki olaraq yoxa çıxması, regionda yeni nəqliyyat və kommunikasiya xətlərinin müzakirəsi sülhün yalnız siyasi bəyanat yox, real proses olduğunu sübut edir.
Azərbaycan münaqişəni bitirdikdən sonra revanşizm yolunu seçmədi, əksinə, sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdi, qarşı tərəfə beş əsas prinsip təqdim etdi və regional əməkdaşlıq gündəmini irəli sürdü. Bu, müharibədən çıxmış ölkə üçün nadir və məsuliyyətli davranış nümunəsidir. Prezidentin vurğuladığı “nümunə” məhz budur: güc tətbiqindən sonra intiqam yox, gələcəyə hesablanan sülh gündəmi. Dünya praktikasında uzun illər davam etmiş münaqişələrdən sonra tərəflərin yenidən bir masa arxasına qayıtması nadir haldır və Azərbaycan bu baxımdan presedent yaradıb.
Burda əsas məsələ ondan ibarətdir ki, ermənilərə inanmaq olarmı? Bu sualı emosional yox, siyasi realizm prizmasından dəyərləndirmək lazımdır. Söhbət bir xalqdan yox, dövlətin və siyasi elitanın davranışından gedir. Tarixi təcrübə göstərir ki, Ermənistan tərəfi illər boyu imzalanmış razılaşmaları yerinə yetirməyib, beynəlxalq hüquq normalarını pozub və müxtəlif dövrlərdə ziddiyyətli bəyanatlarla çıxış edib. Bu səbəbdən kor-koranə etimaddan danışmaq sadəlövhlük olardı. Sülh prosesində etimad sözlə yox, əməli addımlarla ölçülür. Sərhəddə sabitlik, revanşist ritorikadan imtina, konstitusiya və qanunvericilikdə ərazi iddialarının aradan qaldırılması, real kommunikasiyaların açılması – etimad yalnız bu addımların fonunda formalaşa bilər".
Deputat, həmçinin Azərbaycanın mövqeyinin burada aydın olduğunu bildirib: "Sülhə hazırıq, amma bu sülh illüziyalar üzərində qurula bilməz. Etimad tarixi yaddaşı unutmaq hesabına yox, gələcək üçün konkret təminatlar yaratmaqla mümkündür. Prezidentin dediyi kimi, uzunmüddətli münaqişələrə baxmayaraq sülh mümkündür, amma bu sülh yalnız güclü dövlət mövqeyi, aydın siyasi iradə və real davranışlar üzərində dayandıqda davamlı ola bilər".
Elmir Heydərli
15:33 07.02.2026
Oxunuş sayı: 956