“Cinayət”, “Türmə”, “İstifa”… – Azərbaycanda uşaqlara verilən adlar niyə müzakirə mövzusuna çevrilib?
Son illər Azərbaycanda valideynlərin yeni doğulan uşaqlarına qeyri-adi, cəmiyyət üçün anlaşılmaz və bəzən mənaca ağır adlar verməsi diqqət çəkir. İlk baxışdan “fərqlilik” və ya “orijinallıq” kimi görünən bu seçimlər, əslində uşaqların gələcək psixoloji vəziyyətinə, sosial mühitdə qəbuluna və özünə inamına ciddi təsir göstərir. Çünki uşaq üçün ad sadəcə çağırış deyil – bu, onun cəmiyyət qarşısında ilk kimliyidir.
Bir uşağın adı onun ilk vizit kartıdır. Həyatla ilk tanışlıq məhz o sözlə başlayır. Müəllimin sinifdə çağırdığı ilk ad, sinif yoldaşlarının verdiyi ilk reaksiya, iş müsahibəsində CV-nin başında oxunan ilk sətir… İnsan hələ danışmadan, hələ özünü tanıtmadan, adı onun yerinə danışır.
İndi bir anlıq təsəvvür edin:
– “Cinayət, lövhəyə çıx”.
– “Türmə, sən cavab ver”.
Bu səhnə gülməlidirmi? Yoxsa düşündürücümü? Bu adlar uşağın seçimi deyil. Bu adlar onun günahı deyil. Amma o uşaq ömrü boyu bu sözlərin ağırlığını daşımalı olur. Gülüş obyektinə çevrilir, suallara məruz qalır, bəzən susmağı seçir, bəzən öz adını gizlətməyə çalışır.
Bu siyahıdakı heç bir adın sahibi doğulanda “mən bunu istəyirəm” deməyib. Uşaq adı seçmir, amma nəticəsini yaşayır. Psixoloji təsir, sosial uyğunlaşma, özünə inam – bunların hamısı bir sözlə, bir adla zədələnə bilər. Uşaq hələ şəxsiyyətini formalaşdırmamış, ona cəmiyyət tərəfindən bir etiket yapışdırılır.
Bu artıq zövq məsələsi deyil. Bu, “fərqli olsun” arzusu da deyil. Bu, birbaşa uşaq hüquqları məsələsidir. Valideynin seçim azadlığı uşağın gələcəyinə zərər verdiyi nöqtədə dayanmalıdır.
Kitabulla, Külək, İstifa, Şam, Göyərçin, Ronaldo, Aprel, Çaydagül, Başxanım, Ramzes, Nərbala, Toyxanım, Lənkəran, Ciyərxan, Türmə, Cinayət…
Bu adlar sadəcə söz deyil. Bunlar statistik rəqəm deyil. Bunlar canlı insanlardır. Məktəbə gedən, dostluq edən, xəyal quran, böyüyən insanlardır.
Və onların bir gün bu sualı vermək haqqı var:
“Mənim adımı seçəndə, gələcəyimi düşündünüzmü?”
Mövzu ilə bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
ADPU-nun filologiya fakültəsinin dosenti, dilçi alim Elşad Abışov bildirib ki, Azərbaycanda da bir çox inkişaf etmiş xalqlarda olduğu kimi, ad qoyma ənənələri ad qoyma prinsipləri var:

"Bu məsələyə təxminən elmi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Azərbaycanda ad sistemində əsasən üç prinsipdən istifadə olunur: tarixilik, millilik və müasirlik. Bu baxımdan yaxşı olar ki, valideynlər də ad verərkən bu prinsiplərə, xüsusiyyətlərə əməl etsinlər. Ad elə bir ictimai-siyasi hadisədir ki, bütün dövrlərdə öz aktuallığını qoruyub saxlamalıdır. Məsələn, sovet dövründə sovet quruluşunun ictimai-siyasi proseslərini əks etdirən adlara rast gəlinirdi: Şura, Sovet, Valodia, Marqus və s. İndiki dövrdə- müstəqillik qazandıqdan sonra daha çox türk mənşəli adlara və dini adlara üstünlük verilir. Amma bununla yanaşı, bəzən bayağı adlardan da istifadə olunduğunu görürük. Məsələn, bir dəfə uşaqlardan birinin adının Xətai olduğunu gördüm. Uşaq ayağa qalxana qədər elə bildim ki, Xətai oğlan adıdır. Sonra gördüm ki, qıza bu ad verilib. Soruşanda dedilər ki, bu adı uşağa babası verib. Çünki babanın Xətai şəxsiyyətinə böyük hörməti olub və oğul nəvəsi olmadığı üçün qız nəvəsinə bu adı verib".
E.Abışov qeyd edib ki, bu mənada adların cəmiyyətdə və fərdin psixologiyasında təsiri çox böyükdür:
"Ona görə də öz maraqlarımızı kənara qoymalıyıq. Ad verərkən elə bir ad seçməliyik ki, bu ad təkcə bizim yox, həm də ad verilən insanın öz maraqlarına xidmət etsin. Ad verən babalar, nənələr, valideynlər anlamalıdırlar ki, bu uşaq böyüyəcək, sosial mühitə çıxacaq, cəmiyyətdə müəyyən mövqe qazanacaq. Bu mərhələlərdə uşaq adından utanmamalı, adından əziyyət çəkməməlidir. Tanıdığım ziyalılardan birinin anasının adı Almaxanımdır. O anasının adını yaşatmaq üçün övladına Almaxanım adını verib. Ola bilər ki, nənənin adı cəmiyyətdə artıq nadir rast gəlinən bir ad olsun. Amma nəzərə almaq lazımdır ki, bunun əziyyətini uşaqlar çəkməməlidir".
Dilçi alim, həmçinin, son zamanlar uşaqlara verilən adlarda dil baxımından müşahidə olunan dəyişikliklər barədə də danışıb:
"Dil baxımından ən əsas məsələ türk mənşəli adlara üstünlük verilməsidir. Bu vacib və doğru atılmış bir addımdır. Amma bəzən dini adlara da daha çox yer verilir: Əli, Məhəmməd, Aişə, Zəhra və s. Hər bir ad cəmiyyətin milli-mənəvi dəyərləri və milli kimliyi ilə sıx bağlıdır. Bu baxımdan xalqımızın tarixi keçmişindən, milli köklərindən xəbər verən adlardan istifadə olunması daha məqsədəuyğundur. Eyni zamanda, heç bir məna daşımayan, sırf dəb xatirinə seçilən bayağı adlardan uzaq durmalıyıq. Çünki bu cür adlar uşaqların gələcək həyatında müəyyən çətinliklərə səbəb ola bilər və bu mütləq nəzərə alınmalıdır".
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun fikrincə, uşağa verilən ad sadəcə çağırış vasitəsi deyil, onun şəxsiyyətinin formalaşmasında, özünüqavrayışında və sosial mühitlə münasibətində mühüm psixoloji marker rolunu oynayır:
"Ad uşağın ilk sosial etiketidir və o, bu etiketi ailədə, bağçada, məktəbdə, daha sonra isə cəmiyyətdə daşıyır. Mənası aydın olmayan, cəmiyyətin mədəni yaddaşına uyğun gəlməyən və ya qeyri-adi səslənən adla böyüyən uşaq tez-tez “fərqli” kimi işarələnir. Uşaqlıq və yeniyetməlik dövründə həmyaşıdlar arasında fərqlilik çox zaman maraqla yanaşı, istehza, lağ və ya psixoloji təzyiq mənbəyinə çevrilə bilir. Bu isə uşağın özünə münasibətinə təsir edir. Uşaq zamanla adını gizlətməyə, təqdimat zamanı narahatlıq keçirməyə, bəzən özünü sosial mühitdən kənarda hiss etməyə başlaya bilər. Bu cür emosional təcrübələr utanc hissinin formalaşmasına, özünə qapanmaya və “mən normal deyiləm” kimi daxili inancların yaranmasına zəmin yarada bilir.

Psixoloji müşahidələr göstərir ki, adla bağlı davamlı mənfi reaksiyalar uşağın özünə inamını zəiflədə, sosial münasibətlərdə təşəbbüskarlığını azalda və uzunmüddətli perspektivdə özgüvən problemlərinə səbəb ola bilər. Xüsusilə də adın mənası ilə bağlı suallar cavabsız qalırsa və ya ad ictimai diskursda neqativ assosiasiyalarla səslənirsə, uşaq bunu öz şəxsiyyətinə yönəlmiş qiymətləndirmə kimi qəbul edə bilər. Bu halda problem təkcə adın qeyri-adi olması deyil, həmin adın uşaqda yaratdığı emosional yükdür. Valideynlər üçün burada əsas məsuliyyət emosional nəticələri əvvəlcədən düşünməkdir".
Psixoloq qeyd edib ki, uşağa ad seçərkən yalnız fərqlilik və ya dəb amili deyil, adın mənası, mədəni uyğunluğu və uşağın gələcəkdə bu adla özünü necə hiss edəcəyi nəzərə alınmalıdır:
"Ad valideyn üçün estetik seçim ola bilər, amma uşaq üçün gündəlik sosial reallıqdır. Psixoloji baxımdan ən sağlam yanaşma uşağın öz adını qürurla daşıya bilməsi, onu izah edərkən sıxıntı deyil, mənalı bağlılıq hiss etməsidir. Ümumiləşdirsək, qeyri-adi və mənası aydın olmayan adlar avtomatik olaraq psixoloji problem yaratmır, lakin uyğun sosial mühit və valideyn dəstəyi olmadıqda, bu adlar uşağın emosional rifahına mənfi təsir göstərə bilər. Bu səbəbdən ad seçimi valideyn sevgisinin ilk psixoloji mesajlarından biri kimi dəyərləndirilməli və gələcək uşağın daxili dünyası nəzərə alınaraq edilməlidir".
Sosioloq Hüseyn İbrahimov son illər cəmiyyətimizdə belə bir tendensiyanın artdığı müşahidə olunur ki, uşaqlara ya qeyri-adi adların verilir, ya da yüzlərlə, minlərlə dəfə təkrarlanan adların qoyulması prosesi davam edir. Belə ki, qızlarda daha çox oxşar adların seçilməsi artır, oğlanlarda isə qeyri-adi adlara üstünlük verilir:

"Düzdür, Azərbaycanda bununla bağlı xüsusi normalar mövcuddur və adların uyğunluğu məsələsi var. Adlar verilərkən necə gəldi ad qoymaq olmaz, bu məsələ hüquqi baxımdan tənzimlənir. Ancaq buna baxmayaraq, bu hüquqi tənzimləmə çərçivəsində valideynlərin advermə hüquqları kifayət qədər genişdir və bu hüquqlardan istifadə edən valideynlər çox zaman ənənəvi adlardan uzaqlaşırlar. Ənənəvi adlarımız arasında da fars və ərəb mənşəli adlar çoxdur. Ancaq qeyd etməliyik ki, müasir dövrdə bizim yüz illərlə yaşayan milli adlarımız da var. Təəssüf ki, bir çox valideynlər bu adları çox cüzi şəkildə yaşadırlar, qızlarına ad qoyarkən buna az diqqət yetirirlər. Digər hallarda isə yenə də qeyri-adi adların verilməsi tendensiyası özünü göstərir. Təbii ki, ad insanın ilk kimliyidir, onun mənsubiyyətidir və insan üçün ən dəyərli sosial-psixoloji amillərdən biri məhz addır. Çox zaman valideynlər uşaqlara elə çətin adlar qoyurlar ki, bu adlar ixtisara məruz qalır, yaşadığı mühitdə adı dəyişdirilərək çağırılır".
Sosioloq bildirib ki, elə hallar olur ki, valideynlər ad qoyduqdan sonra özləri də bu adla razılaşmırlar: ata bir adı qoyur, ana isə bu adı qəbul etməyərək uşağı başqa adla çağırır:
"Bu cür hallar kifayət qədər mövcuddur. Uşaqlar yetkinlik yaşına çatanda isə öz adları ilə bağlı mənfi psixoloji stereotiplər formalaşa bilir və belə hallarda valideynlər müraciət edərək övladlarının adını dəyişdirməyə də cəhd göstərirlər. Ad insanın kimliyində və onun sosial gələcək ümidlərində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ad sadəcə olaraq fərdin tanınma vasitəsi deyil, həm də onun həyat hekayəsinin və taleyinin bir hissəsidir.
Bu səbəbdən adlar istər qızlara, istər oğlanlara verildikdə, mənəvi baxımdan həm ənənəvi dəyərlərimizi yaşatmalı, həm də məna yükü daşımalıdır. Digər tərəfdən isə mənası bilinməyən, nəyi ifadə etdiyi aydın olmayan adların uşaqlara verilməsi müsbət hal hesab edilə bilməz. Bu zaman valideynlər ciddi şəkildə düşünüb-daşınmalıdırlar.
Uzun müddət öz adı ilə barışmayan, adını sevməyən insanlar da mövcuddur. Bu baxımdan valideynlər ad seçərkən onun mənasına, əhəmiyyətinə və milli bağlılığına xüsusi diqqət yetirməlidirlər. Hətta bəzi valideynlər Avropada təhsil alan, yaxud Avropa musiqiçilərinin və məşhur şəxslərin adlarını uşaqlarına verirlər ki, bu da müsbət tendensiya hesab edilmir.
Ümumilikdə isə ad seçimi insanın həyatında olduqca önəmli məsələdir. Buna görə də valideynlər bu mövzuda həm düşüncəli olmalı, həm də məsləhətə əsaslanaraq övladlarına ad verməlidirlər".
Fatimə Məmmədova
10:55 03.02.2026
Oxunuş sayı: 492