İran hara gedir?
İranın
bugünkü vəziyyətini anlamaq üçün onu “inqilabçı dövlət” kimi yox, “post-inqilab
yorğunluğu yaşayan dövlət” kimi oxumaq lazımdır. Çünki İran artıq öz ideoloji
enerjisini istehsal etmir; o enerjini sadəcə təkrar edir. Siyasi sistemin dili ilə
müasir cəmiyyətin dili toqquşur. Bu uyğunsuzluq yalnız siyasi gərginlik
yaratmır, həm də dövlətin öz içində bir “gizli iflas” mexanizmini işə salır: rejim
qalır, amma dövlət idarəetməsi tədricən funksional olmaqdan çıxır.
Ən
mühüm məsələ budur: İranı indiki mərhələdə silkələyən təkcə etirazlar deyil.
Etirazlar görünən səthdir. Dərinlikdə isə, bir “sistemin legitimliyi iflas
edir”. Dövlətin hər qərarı daha çox resurs tələb edir, amma daha az nəticə
verir. Məsələn, əvvəllər ideoloji çağırışla kütlə səfərbər etmək mümkün idisə,
indi eyni səfərbərlik üçün ya maddi motivasiya, ya da sərt repressiya lazımdır.
Bu isə, sistemin “dəyər istehsal edən” mərhələdən “nəzarət xərci artan” mərhələyə
keçdiyini göstərir.
Bu
mərhələdə üç əsas ssenari görünür: mövcud teokratik rejimin davamı,
konstitusiyalı monarxiya, respublika. Bu üç ssenari arasında real siyasətin
mexanizmi isə, çox vaxt dördüncü bir variant yaradır: idarə olunan
transformasiya. Yəni rejim rəsmi olaraq dəyişməsə də, faktiki idarəetmə
modeli dəyişir. İran bu modelə artıq yaxınlaşıb.
Mövcud
teokratik rejimin davamı ssenarisi zahirən ən real görünür, çünki dövlətin əlində
hələ də güc alətləri var: SEPAH, Bəsic, məhkəmə sistemi, informasiya nəzarəti. Yaxud,
SEPAH bir iqtisadi və hərbi güc mərkəzi kimi öz mənafeyini təmin edən teokratik
rejimi müdafiə edir. Ancaq burada əsas problem gücün mövcudluğu deyil, gücün “səmərəliliyidir”.
İdeoloji sistemlər repressiya ilə yaşaya bilər, amma repressiya ilə “gələcək”
qura bilməz. İranın bu günkü böhranı təkcə siyasi deyil; iqtisadi, demoqrafik,
mədəni və psixoloji böhrandır. Və bu böhranların hər biri bir-birini gücləndirir.
Monarxiya ideyası isə, daha çox “nostalji layihə” təsiri bağışlayır. Bu ideyanın cazibəsi bir növ “çox sadə həll” illüziyası yaradır: guya monarxiya qayıtsa, İran modernləşəcək, Qərblə barışacaq və sabitlik gələcək. Halbuki, İranın problemi bir şəxsin və ya bir simvolun dəyişməsi deyil; İranın problemi dövlətin quruluşunun cəmiyyətin müxtəlifliyi ilə uzlaşmamasıdır. Monarxiya, xüsusilə Pəhləvi yaddaşı, İranın qeyri-fars xalqları üçün mərkəzləşmə və assimilyasiya deməkdir. Bu səbəbdən belə model “birləşdirici” yox, parçalanmanı sürətləndirən faktordur. Bu ssenari nə ABŞ üçün məqbuldur, nə də İranın hələki öz əlində saxlayan SEPAH üçün. Bu baxımdan, SEPAH bə ABŞ-nin maraqları uzlaşır. Vahid İran qorunub saxlanılır və o, ABŞ və SEPAH əməkdaşlığı çərçivəsində birgə sömürülür. Hakimiyyətin və siyasi quruluşun hansı formada qalması önəmli deyil. Əsas İranın bütünlüyüdür.

Respublika
ssenarisi daha real görünür, çünki İranın gənc nəsli artıq dini hakimiyyətin
“müqəddəs siyasi mandatını” qəbul etmir. Amma respublika da avtomatik
demokratiya demək deyil. İranın respublika ssenarisi iki istiqamətə gedə bilər:
mərkəzçi sekulyar respublika və ya çoxtərkibli (federativ) respublika.
Əgər birinci variant seçilərsə, yəni teokratiya gedib onun yerinə fars mərkəzçi,
sərt milli respublika gələrsə, o zaman ölkənin etnik və regional gərginlikləri
daha da kəskinləşə bilər. İkinci variant isə, daha inklüziv görünür, amma onu
qurmaq üçün siyasi elita daxilində razılaşma və institusional hazırlıq
lazımdır. İranın problemi isə, məhz budur: razılaşma yoxdur.
Burada
“federasiya” mövzusu xüsusi diqqət tələb edir. İranın federativləşməsi ideyası
bu gün həm daxildə, həm də xaricdə fərqli reaksiyalar doğurur. Daxildə mərkəzçi
elita bunu “dövlətin parçalanması” kimi görür. Xaricdə isə, bəziləri bunu
“stabil demokratiyaya keçid” kimi təqdim etməyə çalışır. Amma reallıq daha mürəkkəbdir.
Federasiya İran üçün nə xilas yoludur, nə də mütləq parçalanma. Federasiya sadəcə
bir sualdır: İran müxtəlifliyini siyasi strukturda necə idarə edəcək? Əgər idarə
etməsə, müxtəliflik özünü küçədə və sərhədlərdə idarə edəcək.
Bu
məqamda “İranı birləşdirən lider varmı?” sualı önə çıxır. Çünki keçid dövrlərində
lider faktoru kritik olur. İranın problemi budur ki, nə rejim daxilində, nə də
rejim xaricində “bütün tərəflərin qəbul edəcəyi” bir lider görünmür. Ali dini
liderin simvolik gücü var, amma sosial bazası zəifləyib. Müxalifət isə,
parçalıdır, ideoloji baxımdan bölünüb, diasporla daxili cəmiyyət arasında
psixoloji məsafə var. Bu isə, İranı “liderli keçid” yox, “prosesli keçid”
ssenarisinə yaxınlaşdırır: yəni dəyişiklik liderin iradəsi ilə yox, böhranların
məcburi təzyiqi ilə baş verəcək.
İranın
gələcəyi ilə bağlı ən təhlükəli yanlış təsəvvür budur: guya sistem ya bir gündə
dağılacaq, ya da heç vaxt dəyişməyəcək. Tarix belə işləmir. İranın içində gedən
proses daha çox “sürüşmə”dir. Sistem öz-özünə dağılmır, sistem içəridən
boşalır. Bu boşalma bir gün elə həddə çatır ki, kiçik bir qığılcım böyük bir
siyasi hadisəyə çevrilir. Və indi əsas sual budur: bu qığılcım nə olacaq?
İranın
gələcəyini müzakirə edəndə hamı “xalq nə edəcək?” sualına fokuslanır. Halbuki
İran kimi sistemlərdə dönüş nöqtəsi çox vaxt küçədə deyil, kabinetlərdə baş
verir. Küçə təzyiq yaradır, amma qərar verən elita olur. Bu elitaya isə bir ad
hakimdir: SEPAH. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün
İranın sadəcə təhlükəsizlik sütunu deyil; o, iqtisadiyyatın böyük hissəsini
idarə edən, siyasi qərarların arxasında duran, xarici siyasətdə öz “doktrinası”
olan bir strukturdur. Əgər bir ölkədə “dövlət içində dövlət” ifadəsi real məna
kəsb edirsə, bu, İran üçün doğrudur.
Amma
Sepahın gücü onu avtomatik olaraq monolit etmir. Əksinə, güc artdıqca
parçalanma riski də artır. Çünki Sepah artıq bir hərbi təşkilat deyil, müxtəlif
maraqların toqquşduğu bir “korporativ imperiya”dır. Və korporativ imperiyalarda
əsas qarşıdurma ideoloji deyil, resurs və gələcək qorxusu üzərində
qurulur.
Sepahın
daxildən parçalanması mümkündürmü? Bəli. Hətta müəyyən mənada bu proses artıq
başlayıb. Sadəcə hələ “qırılma” səviyyəsinə çatmayıb. Parçalanma üç xətt üzrə
gedə bilər:
Birinci
xətt “ideoloji sərt qanad”la “praqmatik texnokrat qanad” arasındadır. Sərt
qanad rejimin teokratik kimliyini qorumağı varlıq məsələsi sayır. Praqmatik
qanad isə düşünür ki, sistem dəyişməsə, dövlət çökməyə başlayacaq və bu çöküş
Sepahın özünü də yandıracaq. Onlar “rejimi qorumaq üçün rejimi dəyişmək” məntiqinə
daha yaxındır.
İkinci
xətt “köhnə nəsil komandirlər”lə “yeni nəsil idarəçilər” arasındadır. Köhnələr
inqilabın legitimlik mifləri ilə yaşayır. Yenilər isə iqtisadiyyatın,
texnologiyanın və beynəlxalq sistemin reallıqları ilə üz-üzədir. Bu, təkcə
düşüncə fərqi deyil; bu, gələcək strategiyası fərqidir.
Üçüncü
xətt isə “mərkəzçi təhlükəsizlik məntiqi” ilə “regional imperiya layihəsi”
arasında ola bilər. Sepahın bir hissəsi regionda aktiv olmağı İranın müdafiə xətti
sayır. Digər hissəsi isə bunun sanksiyaları dərinləşdirdiyini və daxili
sabitliyi yediyini düşünür.
Bu
parçalanma baş verərsə, İranın gələcəyində iki təhlükəli nəticə yarana bilər:
ya Sepah daxilində “nəzarətli keçid” layihəsi ortaya çıxacaq, ya da elit daxili
qarşıdurma açıq fazaya keçəcək. Hər iki halda, İranın “daxili güc balansı” dəyişəcək.
Burada
ən kritik sual budur: SEPAH ABŞ ilə razılaşa bilərmi?
Bu
sual çox vaxt emosional səviyyədə müzakirə olunur. Biri deyir “heç vaxt”, digəri
deyir “mütləq”. Reallıq isə daha soyuqdur: Sepah ABŞ-la ideoloji barışmaz, amma
taktiki razılaşa bilər. Tarixdə bunun nümunələri çoxdur. ABŞ da ideoloji düşmənlərlə
razılaşmağı bacaran bir gücdür. Çünki dövlətlər üçün ideologiya çox vaxt alətdir,
prioritet isə sabitlik və maraqdır.
Burada “razılaşma” deyəndə iki fərqli şey nəzərdə tutulur. Birincisi, klassik diplomatik razılaşmadır — sanksiyalar, nüvə proqramı, regional davranış. İkincisi isə daha dərin və daha gizli olan “rejim arxitekturası razılaşmasıdır” — yəni İranın idarəetmə modelində dəyişiklik. ABŞ ikinciyə daha ehtiyatla yanaşır. Çünki tam rejim dəyişikliyi İran kimi ölkədə domino effekti yarada bilər: parçalanma, vətəndaş qarşıdurması, regional müharibə. ABŞ üçün belə ssenari idarə olunmaz riskdir.

Bəs
Pezeşkian kimi fiqurlar bu oyunda nə rol oynaya bilər? Burada çox incə bir məqam
var: Pezeşkianı “Qərbin adamı” kimi təqdim etmək yanlış olar. Pezeşkian daha
çox sistemin daxilində “yumşaq ventilyasiya” funksiyası daşıyan bir fiqurdur. Yəni
rejim cəmiyyətdəki təzyiqi azaltmaq üçün belə simaları önə çıxarır. ABŞ isə, bu
tip fiqurları birbaşa dəstəkləməz, amma dolayı yolla onların manevr imkanlarını
artıracaq atmosfer yarada bilər: məsələn, sanksiya ritorikasında yumşalma,
diplomatik dialoqun açılması, “moderasiya” dilinin legitimləşdirilməsi.
Lakin
Pezeşkianın əsas problemi budur: o, “transformasiya lideri” deyil. O, ən yaxşı
halda “gərginliyi idarə edən texnokrat” ola bilər. İranın dərin böhranı isə
texnokratik deyil, struktur böhranıdır. Struktur böhranı texnokrat həll etmir;
struktur böhran ya yeni siyasi müqavilə ilə, ya da parçalanma ilə həll olunur.
İranın
postteokratik mərhələdə federativ ölkəyə çevrilməsi mümkündürmü? Bu, çox real
bir ehtimaldır, amma avtomatik deyil. Federasiya üçün iki şərt lazımdır: mərkəz
buna razı olsun və periferiyalar bunu sabitlik layihəsi kimi qəbul etsin.
İranın bugünkü mərkəzçi elitası federasiyanı “ölüm” kimi görür. Periferiyalar
isə federasiyanı “azadlıq” kimi görür. Bu iki baxışın ortaq məxrəcə gəlməsi
üçün “yeni siyasi müqavilə” lazımdır. İranın ən böyük çatışmazlığı da budur:
siyasi müqavilə yoxdur.
Əgər
bu müqavilə yaranmasa, federasiya ehtimalı iki fərqli yolla gələ bilər: ya
“yuxarıdan idarə olunan federalizm” (sistemin özünü qoruma mexanizmi kimi), ya
da “aşağıdan qopma dalğası” (mərkəz zəiflədikcə regionların özünütəşkilinin
artması). İkinci variant daha təhlükəlidir, çünki onu idarə etmək çətindir.
Bu
hissənin ən ağır nəticəsi budur: İranın gələcəyi çox güman ki, bir nəfərin qərarı
ilə yox, elita daxilindəki parçalanmaların və xarici təzyiqlərin yaratdığı məcburi
proseslə formalaşacaq.
Və
indi əsas sual belə səslənir: İranın transformasiyası “idarə olunan keçid”
olacaq, yoxsa “nəzarətsiz qırılma”?
İranın
gələcəyi haqqında danışanda bir həqiqəti unutmaq olmaz: bu ölkə “tək millətli
dövlət” deyil. İran tarixi olaraq imperiya təcrübəsinin davamıdır və onun sərhədləri
daxilində müxtəlif etnik, dil və regional kimliklər yaşayır. Teokratik rejim bu
müxtəlifliyi iki üsulla idarə etdi: birincisi, mərkəzləşmiş zor aparatı ilə;
ikincisi, şiə
dini ideologiyasını “üst kimlik” kimi təqdim etməklə. İndi isə bu iki sütun
eyni vaxtda aşınır: zor aparatı daha çox xərc tələb edir, ideologiya isə daha
az inandırır. Bu nöqtədə İranın gələcək ssenariləri təkcə “rejim dəyişəcəkmi?”
sualından ibarət deyil. Əsas sual budur: İran hansı formada qalacaq?
Burada
“federasiya” və “parçalanma” sözləri tez-tez emosional reaksiyalar doğurur. Bir
tərəf bunu xilas yolu kimi görür, digər tərəf isə fəlakət kimi. Halbuki siyasi
reallıqda federasiya nə romantik azadlıq layihəsidir, nə də avtomatik dağılma.
Federasiya sadəcə bir idarəetmə mexanizmidir: mərkəzin periferiyaya hansı səviyyədə
səlahiyyət verməsi məsələsidir. İran kimi heterogen dövlətlərdə federativ
mexanizmlər bəzən sabitlik yaradır, bəzən də zəif mərkəz şəraitində
parçalanmanı sürətləndirir. Yəni federasiya “dərman” ola bilər, amma yanlış
dozada “zəhər”ə çevrilə bilər.
İranın
postteokratik mərhələdə federativ ölkəyə çevrilməsi ehtimalı, əslində, iki
faktorla ölçülür: mərkəzin gücü və periferiyanın təşkilatlanma səviyyəsi. Əgər
mərkəz nisbətən güclü qalsa və federasiyanı “dövləti qoruma aləti” kimi seçsə,
bu, idarə olunan bir transformasiya ola bilər. Lakin mərkəz zəifləyərsə,
federasiya “razılaşma modeli” yox, “faktiki parçalanmanın hüquqi maskası”na
çevrilə bilər. İran üçün riskli məqam da məhz budur: federasiya ideyası indiki
şəraitdə çox vaxt razılaşma yox, qarşıdurma dili ilə danışılır.
Parçalanma
ehtimalı isə, yalnız etnik müxtəlifliklə izah edilə bilməz. Parçalanma üçün bir
neçə şərt lazımdır: dövlətin təhlükəsizlik aparatının çökməsi, iqtisadi iflasın
dərinləşməsi, regional aktorların müdaxiləsi və periferiyaların alternativ
siyasi mərkəzlər qurması. İran hələ bu şərtlərin hamısına çatmayıb, amma bu
istiqamətdə təhlükəli siqnallar var. Xüsusilə ölkənin sərhəd bölgələrində — bəlucların
yaşadığı ərazilərdə, kürd bölgələrində, ərəb əhalinin olduğu Xuzistan xəttində
— mərkəzlə periferiyanın gərginliyi hər böhran dalğasında daha da artır.
Bu mənzərədə İranın “birləşdirici lideri varmı?” sualı daha kəskin səslənir. İranı birləşdirən lider təkcə xarizmatik fiqur deyil; o, həm də siyasi müqavilənin simvolu olmalıdır. İndi isə, İranın siyasi sistemində belə bir simvol görünmür. Ali dini liderin simvolik gücü var, amma birləşdirici deyil; o, daha çox “rejim tərəfdarlarının simvolu”dur. Müxalifət liderləri isə, ya diasporun içində qalır, ya da daxildə güclü təşkilatlanma qura bilmir. Bu boşluq isə, keçid dövrlərində çox təhlükəlidir: lider boşluğu yarananda boşluğu ya hərbi-siyasi aparat doldurur, ya da küçə.

Bu
mərhələdə Sepahın roluna yenidən qayıtmaq lazımdır. Sepah, postteokratik İranın
“hakimiyyəti ələ alan gücü” kimi də görünə bilər, “rejimi xilas edən mexanizm”
kimi də. Əgər Sepah rejimin dini qatını arxa plana çəkib daha dünyəvi,
praqmatik, iqtisadi sabitlik yönlü bir xəttə keçərsə, bu, faktiki olaraq İranın
“teokratiyadan təhlükəsizlik dövlətinə” transformasiyası demək olar. Belə bir
modeldə formal olaraq teokratiya qalır, amma real qərarları təhlükəsizlik-texnokrat
koalisiyası verir. Bu, İranın “daxildən yumşaq çevriliş” ssenarisidir. Bu
ssenari bəzən “postteokratik” kimi görünür, amma mahiyyətcə “post-demokratik”
risk daşıyır: yəni sistem dini avtoritarizmdən təhlükəsizlik avtoritarizminə
keçir.
ABŞ
bu mərhələdə nə edəcək? ABŞ-ın əsas prioriteti İranın “daxili kimliyi” deyil,
onun “regional davranışı”dır. Vaşinqton üçün əsas məsələ İranın nüvə proqramı,
regionda proksi şəbəkəsi və enerji təhlükəsizliyidir. Buna görə ABŞ İranın tam
parçalanmasını istəməz. Çünki parçalanmış İran nəzarətsiz silahlanma, sərhəd
münaqişələri və regional xaos deməkdir. ABŞ üçün optimal ssenari “dəyişən, amma
sabit qalan İran”dır. Bu, çox paradoksal görünür, amma geopolitikanın dili belədir:
dəyişiklik lazımdır, amma dəyişiklik idarə olunmalıdır.
Bu
kontekstdə “ABŞ Sepahla razılaşa bilərmi?” sualının cavabı daha aydın olur. ABŞ
Sepahla ideoloji anlaşma deyil, taktiki razılaşma apara bilər. Bu razılaşmanın əsas
şərti İranın regional davranışının “idarə olunan” səviyyəyə düşməsidir. Yəni
İranın Yaxın Şərqdə “çevik təzyiq gücü” qalır, amma “nəzarətsiz destabilizator”
rolundan çıxır. ABŞ üçün bu, realistik məqsəddir.
Rusiya
isə, İranın dəyişməsini istəmir, amma İranın zəifləməsindən də istifadə edir.
Moskva üçün İran həm sanksiyalar altında olan tərəfdaş, həm də Qərbə qarşı
geopolitik alətdir. İranın tam liberal respublikaya çevrilməsi Rusiyanın
maraqlarına ziddir. Amma İranın tam çökməsi də Rusiyanın maraqlarına uyğun
deyil, çünki bu, Cənubi Qafqaz və Xəzər bölgəsində yeni qeyri-müəyyənlik
yaradacaq. Buna görə Rusiya İranın “kontrollu zəifləməsini” qəbul edə bilər: yəni
İran Qərbə açılmır, amma daxildə yorulur və Moskvanın təsir imkanları artır.
Türkiyə
isə, İranın gələcəyinə iki prizmadan baxır: təhlükəsizlik və geoiqtisadiyyat.
Ankara üçün İranın parçalanması risklidir, çünki bu, kürd məsələsini region
miqyasında daha mürəkkəb hala gətirə bilər. Digər tərəfdən, İranın iqtisadi və
logistika baxımından açılması Türkiyə üçün yeni imkanlar yarada bilər. Türkiyə
daha çox “sabit, ticarətə açıq, amma milli dövlət kimi qalan İran” ssenarisini
üstün tutar. Bu, həm sərhəd təhlükəsizliyini qoruyur, həm də regional ticarət
marşrutlarını genişləndirir.
Bütün
bu geosiyasi xətlər içində Azərbaycan üçün ən həssas məsələ odur ki, İranın
daxilində baş verən proseslər bir gün sərhədi keçib “regiona yayılma”
potensialı daşıyır. İranın Azərbaycan türkləri məsələsi, yalnız mədəni və etnik
məsələ deyil; o, strateji məsələdir. Postteokratik İran dövründə mərkəz zəifləsə,
İran azərbaycanlılarının siyasi aktivliyi artacaq. Bu isə, Tehranın “mərkəzçi
reflekslərini” sərtləşdirə də bilər, daxili razılaşma axtarışına da məcbur edə
bilər.
Azərbaycan
üçün optimal ssenari İranın parçalanması deyil. Çünki parçalanma bölgədə
uzunmüddətli xaos və qeyri-müəyyənlik yaradar. Azərbaycanın marağı daha çox belə
bir xəttə uyğundur: İran dəyişir, amma dağılmır; İran praqmatikləşir, amma sərhəd
riskləri artırmır. Azərbaycan üçün əsas risk isə budur: İran daxilində böhran dərinləşdikcə,
Tehran diqqəti daxili problemlərdən yayındırmaq üçün xarici gərginlik kartına əl
ata bilər. Bu, tarixdə çox görülüb: daxili böhran yaşayan rejimlər xarici düşmən
obrazı yaradır. İran üçün belə “düşmən obrazı” bəzən İsrail, bəzən ABŞ, bəzən də
regiondakı yaxın qonşular olur.
Nəticə
etibarilə İranın gələcəyi üç sözlə ifadə oluna bilər: keçid, qeyri-müəyyənlik,
balans. Bu ölkə nə birdən demokratiyaya keçəcək, nə də birdən dağılacaq.
Daha real olan uzun və mərhələli transformasiyadır. Bu transformasiyanın nəticəsi
isə bir amildən asılıdır: İranın elitası cəmiyyətlə yeni siyasi müqavilə qura
biləcəkmi? Əgər qura bilməsə, o zaman proses “idarə olunan dəyişiklik”dən çıxıb
“nəzarətsiz qırılma”ya çevriləcək.
İranın
taleyi yalnız Tehranda yazılmır. Bu taleyin bir hissəsi Vaşinqtonda, Moskvada,
Ankarada, hətta regionun digər paytaxtlarında yazılır. Amma son sözü yenə də
İranın içindəki ziddiyyətlər deyəcək. Çünki böyük dövlətlər bəzən hadisələri
yönləndirir, amma tarix çox vaxt onları da öz axarına salır. İran artıq “köhnə
İran” deyil. Onu ayaqda saxlayan sütunlar çatlayıb. İndi sual budur: bu çatlar
yeni bir dövlətin təməlini qoyacaq, yoxsa eyni divarın altında hamını
basdıracaq?
10:25 19.01.2026
Oxunuş sayı: 1520