Türkiyədə 15 yaşadək uşaqların sosial şəbəkələrə girişi qadağan ediləcək
Türkiyədə 15 yaşadək olan vətəndaşların sosial şəbəkələrə və onlayn oyun platformalarına girişinin qadağan edilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu təşəbbüs uşaqların psixoloji sağlamlığının qorunması, rəqəmsal asılılığın qarşısının alınması və onların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Məlumata görə, yeni qaydalar çərçivəsində sosial media platformaları və oyun servisləri yaş məhdudiyyətlərinə ciddi nəzarət etməli olacaq. Bu məqsədlə istifadəçilərin yaşının təsdiqlənməsi mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur. Qanunvericiliyin tələblərinə əməl etməyən platformalar isə cərimə və digər sanksiyalarla üzləşə bilərlər.
Rəsmi qurumlar bildirir ki, son illər uşaqlar arasında sosial şəbəkələrdən həddindən artıq istifadə, aqressiv oyunlar, kibertəhlükələr və uyğun olmayan məzmunla qarşılaşma halları artıb. Yeni məhdudiyyətlər məhz bu risklərin azaldılmasına yönəlib.
Eyni zamanda, valideyn nəzarətinin gücləndirilməsi, ailələr üçün maarifləndirici proqramların hazırlanması və uşaqların internetdən təhlükəsiz istifadəsi ilə bağlı əlavə tədbirlərin görülməsi də planlaşdırılır.
Qeyd edək ki, Türkiyə rəsmiləri rəqəmsal mühitdə uşaqların müdafiəsi ilə bağlı oxşar təcrübələrin bir sıra Avropa ölkələrində də tətbiq edildiyini vurğulayır və bu addımın beynəlxalq təcrübəyə uyğun olduğunu bildirirlər.
18:05 06.01.2026
Oxunuş sayı: 3038