Peskov: Putinlə Tramp arasında yeni telefon danışığı ən yaxın vaxtlarda baş tutacaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə ABŞ-nin prezidenti Donald Tramp arasında yeni telefon danışığının ən yaxın vaxtlarda keçiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki,Peskov ABŞ və Ukrayna prezidentləri arasında Floridada baş tutan danışıqlara da münasibət bildirib. Onun sözlərinə görə, Moskva bu görüşü hazırda qiymətləndirə bilməz, çünki danışıqların detalları Rusiya tərəfinə məlum deyil. Peskov vurğulayıb ki, bu barədə konkret məlumatlar Putin və Tramp arasında planlaşdırılan telefon danışığından sonra əldə oluna bilər.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, hazırda Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı məsələsi gündəmdə deyil. O, Moskvanın mövqeyini bir daha xatırladaraq bildirib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donbasın inzibati sərhədlərindən kənara çıxarılmasını əsas şərt kimi irəli sürür.
Peskovun sözlərinə görə, Rusiya tərəfi mövqeyini dəyişməyib və mümkün siyasi-diplomatik proseslər məhz bu çərçivədə dəyərləndirilir.
Nastya Qəniyeva
15:05 29.12.2025
Oxunuş sayı: 3341