Ali təhsil 3 illik olur: Türkiyədə reallaşdırılan təhsil islahatı Azərbaycana necə təsir edə bilər?
Türkiyənin ali təhsil sistemi ilə bağlı səslənən açıqlamalar bölgədə və regionda geniş müzakirələrə səbəb olub. Türkiyədə 12 illik orta təhsil sistemindən sonra universitet təhsilinin 3 ilə endirilə biləcəyi ilə bağlı mesajlar həm təhsil ekspertlərinin, həm də tələbələrin diqqətini çəkib. Çünki bu dəyişiklik təkcə təhsil müddətinin qısaldılması deyil — ölkənin ali təhsil modelinin tamamilə yenidən formalaşdırılması deməkdir.
Türkiyə Prezidenti bu addımın Avropadakı örnəklərə uyğun şəkildə həyata keçiriləcəyini və tələbələrə 3 ildə məzun olmaq imkanı yaradacağını bildirib. Dünyada rəqabətin sürətlə artdığı, əmək bazarının tələblərinin mütəmadi dəyişdiyi bir zamanda universitet təhsilinin daha çevik, daha səmərəli və daha funksional olması ideyası təbii ki, diqqət çəkir.
Mövzu aktuallığına görə yalnız Türkiyə ilə məhdudlaşmır. Bu tendensiya gələcəkdə digər ölkələr, o cümlədən Azərbaycan üçün də nümunə ola bilər. Məhz buna görə də bu islahatın müsbət və mənfi tərəfləri geniş şəkildə dəyərləndirilməlidir.
Bu məsələ ətrafında Crossmedia.az-a danışan fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib ki, artıq ali təhsildə müddətin 3 ilə salınması bəzi Avropa ölkələrində tətbiq olunan modeldir:
"Azərbaycanda da bu modelə keçidlə bağlı zaman-zaman fikirlər səsləndirilib. Ekspertlər yanaşmalarını ortaya qoyublar. Bununla bağlı sənəd üzərində olmasa da, fikir olaraq Elm və Təhsil Nazirliyi də bu keçidlə bağlı müvafiq fikirlər vermişdi".
Ekspertin sözlərinə görə, hansısa keçid mütləq şəkildə müvafiq infrastrukturun yaradılması, eyni zamanda məzmun dəyişikliklərini özündə birləşdirir. Bu mənada Azərbaycanda hazırkı dönəmdə real sayılmır:
"Belə ki, Azərbaycanda 11 illik tam orta təhsildir və 3 illik təhsilə keçid mümkündür. Lakin bunun üzərində proqramlar yenidən işlənməlidir. Eyni zamanda infrastruktur doğru qurulmalıdır. Bəzi ixtisaslarda 4 il tələbənin zamanının universitetdə alınması düzgün deyil. Müasir dövr texnoloji dəyişikliklərlə, əmək bazarlarının tələbləri kifayət qədər sürətlidir. Amma biz sadəcə olaraq zamanı azaldırıqsa, bunun alt qatında olan prosesləri də doğru qiymətləndirməliyik".
İlqar Orucov vurğulayıb ki, Azərbaycan Boloniya prosesinə qoşulub:
"2008-ci ildən başlayaraq ali təhsil standartları Boloniya prosesinin tələbləri çərçivəsində Avropa standartlarına uyğunlaşmaq naminə işlərə başlanılıb. Azərbaycan ali təhsili beynəlxalq ali təhsilin bir parçasıdır. Biz hansısa addımı atırıqsa, orada problemlər də ola bilər. Bunların hər biri düzgün ölçülməlidir ki, zərərlərə və risklərə rast gəlməyək. Biz əmək bazarının tələblərindən irəli gələrək yola çıxmalıyıq. Təhsil almaq istəyən insanın məqsədi nədir? Bəzən doğru olmayan bir yanaşma ortaya qoyulur ki, 'təhsil almaq təkcə əmək bazarı kimidir'. Ali təhsili alan insanın məqsədi odur ki, o, gələcəkdə özünə yaxşı iş yeri tapa bilsin. Bu rəqabət mühitində universitetdə aldığı biliklərlə özünə iş yeri təmin edə bilsin. Biz 3 illik təhsilə keçəcəyiksə, proqramlar mütləq işlənməlidir".
Ekspert həmçinin qeyd edib ki, Türkiyədə də bu, bütün tələbələrə şamil olunmur. Bu, akademik göstəriciləri yüksək olan tələbələrə aiddir:
"Bu addım yaxşı oxuyan tələbələr üçün həm də bir motivasiyadır. Azərbaycanda da bu addım atılarsa, yalnız nəticələri yüksək tələbələrə aid ola bilər".
Fatimə Məmmədova
12:20 08.12.2025
Oxunuş sayı: 1349