ABŞ-Ukrayna sülh planında irəliləyiş: Zelenski Vaşinqtona gedə bilər
ABŞ və Ukrayna Cenevrədə keçirilən görüşdən sonra yenilənmiş sülh planı üzrə işdə nəzərəçarpan irəliləyiş əldə olunduğunu bildiriblər. Bu barədə Ukrayna prezidentinin və Ağ Evin rəsmi saytlarında dərc olunan birgə bəyanatda qeyd olunur.
Birgə bəyanatda vurğulanır ki, İsveçrə mərhələsindəki danışıqlar yüksək nəticəlilik mühitində keçib və müzakirələr tərəflərin mövqelərini ciddi şəkildə yaxınlaşdırmağa, eləcə də danışıqlar prosesinin gələcək marşrutunu müəyyənləşdirməyə imkan verib.
Crossmedia.az Reuters-ə istinadən məlumat verib ki, “bununla paralel olaraq, Volodimir Zelenski yaxın günlərdə ABŞ-a səfər edə bilər. Ukrayna lideri Donald Trampla sülh planının ən həssas və çətin elementlərini şəxsən müzakirə etmək niyyətindədir”.
Həmçinin sənəddə qeyd edilir ki, mümkün hər hansı razılaşma Ukraynanın tam suverenliyinə əsaslanmalı və dayanıqlı, ədalətli sülhü təmin etməlidir. Görüşün yekunlarına əsasən “yenilənmiş və təkmilləşdirilmiş sülh üzrə çərçivə sənədi” hazırlanıb.
Bəyanatda ABŞ Prezidenti Donald Trampa ayrıca təşəkkür ifadəsi də yer alıb. Danışıqlarda iştirak edənlər onun “sarsılmaz sadiqliyini və müharibənin dayandırılması, insan həyatının qorunması naminə yorulmaz səylərini” yüksək qiymətləndiriblər. Bildirilib ki, amerikalı lider təşəbbüsün irəlilədilməsində əsas rol oynamaqda davam edir.
Qeyd olunur ki, sənəd üzərində iş Avropa tərəfdaşları ilə birlikdə davam etdiriləcək. Çərçivə razılaşması üzrə son qərarları ABŞ və Ukrayna prezidentləri verəcəklər.
Zeynəb Xuduyeva
12:07 24.11.2025
Oxunuş sayı: 2433