Avropanın Rusiya–ABŞ sülh planına əks təklifləri məlum oldu
Rusiya və ABŞ arasında müzakirə olunan mümkün sülh planına Avropa ölkələrinin hazırladığı alternativ təkliflərin bəzi məqamları açıqlanıb. Bu barədə “Reuters” diplomatik mənbələrə istinadla məlumat yayıb.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqının dəstək verdiyi təklif paketində bir sıra mühüm bəndlər yer alır:
Ukrayna Silahlı Qüvvələrinin sayı — “Sülh dövründə” ordunun 800 min hərbçi ilə məhdudlaşdırılması planlaşdırılır.
Ukraynanın NATO-ya üzvlüyü — Qeyd olunur ki, Kiyevin Alyansa qəbul olunması ilə bağlı qərar yalnız bütün üzv dövlətlərin konsensusu olduqda mümkün olacaq. Hazırda isə belə bir razılıq mövcud deyil.
NATO qoşunlarının yerləşdirilməsi — Alyans sülh dövründə Ukrayna ərazisində daimi hərbi kontingent saxlamamaq öhdəliyini qəbul edəcək.
Maliyyə kompensasiyası — Ukraynaya dəymiş ziyanı ödəmək üçün Moskvanın ödəniş etməsi tələb olunacaq. Buna Avropada dondurulmuş Rusiya aktivlərinin istifadə edilməsi də daxildir.
Hərbi əməliyyatlarla ərazilərin qaytarılmaması — Kiyev işğal olunmuş əraziləri güc yolu ilə azad etməyəcəyinə dair öhdəlik götürəcək.
Ərazi mübadiləsi üzrə danışıqlar — Danışıqların başlanğıc nöqtəsi hazırkı təmas xətti olacaq.
Seçkilərin keçirilməsi — Sülh müqaviləsi imzalandıqdan sonra Ukraynada mümkün qədər tez prezident və parlament seçkiləri təşkil olunacaq.
Təhlükəsizlik zəmanətləri — Ukrayna ABŞ-dan NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatı əldə edəcək.
Məlumata əsasən, Avropa liderləri bu təkliflərin sülh prosesini balanslaşdırmağa və Kiyevin təhlükəsizliyini təmin etməyə yönəldiyini bildiriblər.
22:20 23.11.2025
Oxunuş sayı: 3700