Tokio və Pekin arasında Tayvan gərginliyi: tərəflərdən sərt açıqlamalar
Yaponiya ilə Çin arasında Tayvan məsələsi fonunda diplomatik gərginlik artıb.
Crossmedia.az xəbər verir ki, Tokio və Pekin rəsmiləri mövqelərini sərt bəyanatlarla ifadə ediblər.
Yaponiya Baş naziri Sanae Takaiçi bildirib ki, Tayvan tarixən Yaponiya imperiyasının bir hissəsi olub və adanın inkişafında Meyci islahatlarının mühüm rolu var. O, həmçinin xatırladıb ki, Yaponiya 1972-ci ildə Tayvan məsələsini Çinin daxili işi kimi tanıyıb və “vahid Çin” prinsipini dəstəkləyib.
Takaiçi vurğulayıb ki, 2015-ci ildə qəbul edilən yeni qanuna əsasən, Yaponiyanın müttəfiqlərinə edilən hərbi hücum birbaşa Yaponiyaya hücum hesab olunur:
Belə halda Yaponiya fövqəladə addımlar ata, özünü və müttəfiqlərini müdafiə etmək üçün hərəkətə keçə bilər. Yaponiya bu hüququnu özündə saxlayır.
Tokionun açıqlamasına Pekindən kəskin reaksiya gəlib. Çin Xarici İşlər Nazirinin müavini Hua Çunyin (Hua Chungying) Yaponiyanı Çinin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.
O bildirib:
Rəsmi Tokio Çinin daxili işlərinə müdaxilə edir. Tayvan məsələsi fövqəladə və həssas məsələdir və bu, Çinin tarixinə, suverenliyinə və daxili işlərinə açıq müdaxilədir. Əgər Yaponiya bu siyasətini korrektə etməzsə, bunun region və Yaponiya üçün nəticələri mənfi olacaq.
22:11 23.11.2025
Oxunuş sayı: 3977