D-8 media forumu Azərbaycan mediası üçün bir neçə əhəmiyyətli üstünlük yaradır- Deputat
Qlobal informasiya məkanında baş verən dinamik dəyişikliklər dövlətlər arasında media sahəsində əməkdaşlığın əhəmiyyətini daha da artırır. İnformasiya təhlükəsizliyi, etibarlı xəbər mübadiləsi, faktlara əsaslanan jurnalistika və medianın peşəkarlıq səviyyəsinin yüksəldilməsi bu gün regional və beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Xüsusilə yeni media texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda ölkələr arasında ortaq informasiya platformalarının formalaşdırılması həm dezinformasiyaya qarşı mübarizədə, həm də qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.
Bu kontekstdə Azərbaycanın media siyasəti öz strateji yanaşması və mütərəqqi təşəbbüsləri ilə fərqlənir. Azərbaycan Prezidenti İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, ölkəmiz həm beynəlxalq media tədbirlərinə ev sahibliyi etməklə, həm də regional əməkdaşlıq çərçivəsində yeni informasiya platformalarının yaradılmasını dəstəkləməklə qlobal media dialoquna mühüm töhfə verir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, milli media strategiyasının beynəlxalq təcrübə ilə uzlaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması və media savadlılığının inkişafı Azərbaycanın bu sahədə apardığı siyasətin əsas prioritetlərini təşkil edir.
Bu barədə Milli Məclisin deputatı Günay Ağamalı Crossmedia.az-a danışıb:
"Möhtərəm cənab İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciət bir daha göstərir ki, ölkəmiz təkcə regionda deyil, daha geniş coğrafiyada media sahəsində tərəfdaşlıq, dialoq və peşəkarlığın inkişafına mühüm töhfələr verən lider dövlətlərdən biridir.
Cənab Prezidentin vurğuladığı məqamlar bu gün qlobal informasiya mühitində gedən proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, media savadlılığının artırılması dövlətlərin milli təhlükəsizlik strategiyalarının əsas tərkib hissəsinə çevrilib. Azərbaycan da bu reallığı düzgün qiymətləndirərək informasiya proseslərini zamanın çağırışlarına uyğun qurur və beynəlxalq təcrübə ilə uzlaşdırır.
Bu məqamda artıq ənənə halını almış Şuşa Qlobal Media Forumunu qeyd etmək zəruridir. Ölkə başçısının forumun açılışında iştirak etməsi və dünyanın müxtəlif bölgələrindən gələn media nümayəndələrinin suallarını cavablandırması bu istiqamətdə görülən işlərin qlobal xarakter daşıdığının göstəricisidir.
Bu kontekstdə, D-8 Media Forumunda səsləndirilən fikirlərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan media sektorunda keyfiyyətin artırılması, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və faktlara əsaslanan xəbər istehsalının təşviqi istiqamətində ardıcıl addımlar atır. Bu, həm milli informasiya məkanımızın möhkəmləndirilməsinə, həm də beynəlxalq etibarlılığın daha da artırılmasına xidmət edir.
Cənab Prezidentin regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılması barədə çağırışı isə xüsusilə önəmlidir. Bu təşəbbüs həm D-8 ölkələri arasında media sahəsində mübadiləni gücləndirəcək, həm də qlobal informasiya balansının daha ədalətli formada qurulmasına şərait yaradacaqdır. Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi çıxış edir".
Deputat, həmçinin bu Forumun Azərbaycan mediası üçün bir neçə əhəmiyyətli üstünlük yaratdığını qeyd edib: "Belə ki, beynəlxalq dialoqun genişlənməsi və media əməkdaşlığında yeni tərəfdaşlıqların qurulması; Jurnalistlər üçün təcrübə mübadiləsi və peşəkar inkişaf imkanlarının artması; Azərbaycanın informasiya siyasətinin, media islahatlarının və kommunikasiya modelinin beynəlxalq səviyyədə təqdim olunması; Dezinformasiya ilə mübarizə sahəsində güclü əməkdaşlıq platformasının formalaşması; Regional informasiya mühitində Azərbaycanın rolunun daha da möhkəmlənməsi. Bu Forum yalnız media sahəsində əməkdaşlığın inkişafına xidmət etmir, eyni zamanda Azərbaycanın qlobal informasiya sahəsində öz sözünü demək gücünü artırır. Cənab Prezident İlham Əliyevin ortaya qoyduğu konseptual yanaşma bu istiqamətdə strateji yol xəritəsi rolunu oynayır".
Elmir Heydərli
19:30 22.11.2025
Oxunuş sayı: 20751