Azərbaycanın C6 formatına qoşulması: Avrasiyada yeni strateji mərhələ
Səudiyyə Ərəbistanının Arab News qəzetində Hudson İnstitutunun baş elmi əməkdaşı Lyuk Koffinin Azərbaycanının C5 formatına qoşulmasına həsr olunmuş məqaləsi dərc edilib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məqalədə Koffi vurğulayır ki, Azərbaycanın C5 formatına daxil edilməsi və bunun C6-ya çevrilməsi bütün Avrasiya üçün əhəmiyyətli geosiyasi addımdır. Bu qərar Mərkəzi Asiyanın beş ölkəsinin liderləri tərəfindən Daşkənddə qəbul edilib və Bakı ilə region arasında artıq mövcud olan aktiv əməkdaşlıq dinamikasını əks etdirir.
Müəllif qeyd edir ki, son illərdə Azərbaycan Mərkəzi Asiya üçün mühüm tərəfdaşa çevrilib və bu, liderlərin onlarla qarşılıqlı səfərləri ilə təsdiq olunur. C6 formatına keçid Xəzərin hər iki tərəfində artan əməkdaşlıq fonunda məntiqli addım kimi görünür.
O, üç əsas səbəbi ön plana çıxarır:
Geosiyasi zərurət - Mərkəzi Asiya ölkələri Rusiyadan və Çindən asılılığı azaltmağa çalışır və dünya bazarlarına çıxış üçün yeni etibarlı marşrutlar axtarır. Cənub yönümlü yolların qeyri-sabitliyi səbəbilə Azərbaycan üzərindən keçən Qərb marşrutu optimal variant kimi görünür;
Nəqliyyat infrastrukturu - Orta Dəhliz (TMTM) regionu Avropa ilə birləşdirir və Azərbaycan bu dəhlizin əsas qovşağıdır. Cənubi Qafqazda sülh proseslərinin irəliləməsi əlavə logistik və enerji imkanları yaradır;
Ortaq türk məkanı - Azərbaycan və Mərkəzi Asiyanın əksər ölkələri ortaq mədəni və dil mirasına malikdir və bu bağlar Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da güclənir.
Koffi vurğulayır ki, C6-nın əhəmiyyəti region hüdudlarından kənara çıxır. Körfəz ölkələri artan maraq göstərir: BƏƏ və Səudiyyə Ərəbistanı artıq Qazaxıstanla böyük anlaşmalar imzalayıb və Bakı ilə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirirlər. İraq və Fars körfəzini Türkiyə vasitəsilə Orta Dəhliz və Mərkəzi Asiya ilə birləşdirəcək “Quru kanal” kimi layihələr də əlavə perspektivlər yaradır.
Onun fikrincə, Qəzzadakı və Ukraynadakı böhranlarla bağlı xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, C6 formatının formalaşması Avrasiya ticarəti, tranziti və energetikası üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər. Bu isə Xəzərdən Yaxın Şərqə qədər olan regionların qarşılıqlı əlaqəsini gücləndirəcək.
Türkanə Məşədiyeva
18:29 22.11.2025
Oxunuş sayı: 3506