ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsinin tam mətni açıqlanıb
Axios ABŞ-nin Ukrayna üçün hazırladığı təhlükəsizlik zəmanəti haqqında çərçivə müqaviləsinin tam mətnini dərc edib. Sənəd Ukrayna ilə Rusiya arasında mümkün atəşkəsin şərtlərini və Kiyevə veriləcək təhlükəsizlik təminatlarını müəyyən edir.
Crossmedia.az bu barədə Axios-a istinadən xəbər verir.
Müqavilənin əsas müddəaları:
Atəşkəsin şərtləri və zəmanət
Sənədə əsasən, ABŞ bu çərçivə müqaviləsi ilə Ukrayna və Rusiya arasında razılaşdırılacaq atəşkəs xəttini əsas götürəcək və NATO-nun 5-ci maddəsinə uyğunlaşdırılmış təhlükəsizlik mexanizmi tətbiq ediləcək.
Rusiya hücumu NATO üçün təhdid kimi qiymətləndiriləcək.
ABŞ təsdiqləyir ki, Rusiya atəşkəs xəttini keçərək Ukrayna ərazisinə qarşı əhəmiyyətli və davamlı silahlı hücuma keçərsə, bu, transatlantik icmanın sülhünə və təhlükəsizliyinə təhdid sayılacaq.
ABŞ prezidenti fövqəladə səlahiyyətlərini işə sala biləcək.
Belə bir hücum baş verərsə, ABŞ Prezidenti NATO və Avropa tərəfdaşları ilə təcili məsləhətləşmələrdən sonra:
• zəruri hərbi müdaxilə,
• kəşfiyyat və logistika dəstəyi,
• iqtisadi və diplomatik tədbirlər daxil olmaqla təhlükəsizliyin bərpası üçün lazım olan addımları müəyyən edəcək.
Birgə qiymətləndirmə mexanizmi
NATO, ABŞ və Ukrayna iddia edilən hər bir pozuntunu birgə qiymətləndirəcək xüsusi mexanizm yaradacaq.
Avropa ölkələrinin öhdəlikləri
Fransa, Böyük Britaniya, Almaniya, Polşa və Finlandiya da daxil olmaqla bir neçə NATO ölkəsi Ukraynanın təhlükəsizliyini Avropanın sabitliyinin əsas hissəsi kimi tanıyır və mümkün pozuntuya ABŞ ilə birlikdə cavab verməyi öhdəsinə götürür.
Müddət – 10 il
Müqavilə imzalandığı andan qüvvəyə minir və 10 il müddətində qüvvədə qalır. Tərəflərin razılığı ilə yenilənə bilər.
Birgə Monitorinq Komissiyası
Uyğunluğa nəzarət Avropa tərəfdaşlarının rəhbərlik etdiyi, ABŞ-ın da daxil olduğu Birgə Monitorinq Komissiyası tərəfindən aparılacaq.
Bu sənəd ABŞ-nin Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər real təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu göstərən ilk rəsmi layihə kimi qiymətləndirilir.
18:27 21.11.2025
Oxunuş sayı: 2802