Ermənistan prezidenti: Yekun sülh üçün Azərbaycanla qarşılıqlı etimad vacibdir
Ermənistan prezidenti Vaaqn Xaçaturyan hesab edir ki, Ermənistan və Azərbaycan arasında yekun sülhün əldə olunması üçün iki ölkə və xalqlar arasında qarşılıqlı etimad mühitinin yaradılması vacibdir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Xaçaturyan bildirib ki, “Sülh iki ölkə və xalq arasında qarşılıqlı etimad bərpa edildikdə gələcək; bu, zaman məsələsidir. Biz siyasi liderlər olaraq buna nail olmaq üçün hüquqi və siyasi çərçivə təmin etməliyik”.
O qeyd edib ki, ikitərəfli hüquqi proses artıq qurulub, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. “Prosesin nəticəsi hər iki ölkənin vətəndaşlarının daxili çətinliklərini aşmasına imkan verəcək. Bunun nə vaxt baş verəcəyini heç kim deyə bilməz, amma biz mümkün qədər tez reallaşmasını istəyirik”, – Xaçaturyan əlavə edib.
Ermənistan prezidenti həmçinin vurğulayıb ki, hazırda dünyada qarşıya çıxan problemlər – iqlim dəyişikliyi, texnoloji dəyişikliklər, süni intellekt və s. – bütün ölkələr üçün eyni və onların həlli birgə səylər tələb edir. “Özümüzü təcrid etmək mümkün deyil, qonşularla işləmək daha asan və effektivdir”, – deyə o qeyd edib.
Nəzrin Abbas
12:21 21.11.2025
Oxunuş sayı: 3216