Ukrayna strateji məğlubiyyətə doğru gedir
Almaniyanın Bild qəzetinin təhlükəsizlik üzrə redaktoru Yulian Röpke son həftələrdə Ukrayna cəbhəsində vəziyyətin sürətlə pisləşdiyini bildirərək kəskin analiz dərc edib. Onun sözlərinə görə, nə Kiyevin vəziyyəti gözəlləşdirməsi, nə də Baş Qərargahın PR addımları real mənzərəni gizlədə bilir: Ukrayna strateji məğlubiyyətə doğru irəliləyir.
Crossmedia.az bu barədə Almaniya mediasına istinadən xəbər verir.
Röpke qeyd edir ki, Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdə — cənub-şərqdə, Xarkov ətrafında və Donetsk bölgəsində mövqelərini itirir. O bildirir ki, Qərbdən göndərilən iki mindən çox tank və zirehli texnika Rusiyanın xüsusilə lifli idarəetmə sistemləri də daxil olmaqla artan dron üstünlüyü fonunda effekt vermir.
Jurnalistin sözlərinə görə, Qərb ölkələri genişmiqyaslı dəstək əvəzinə hələ də məhdud sayda FPV dronu və uzaqmənzilli raket göndərməklə kifayətlənir ki, bu da Ukraynanın müdafiəsini zəiflədir. O əlavə edir ki, Kiyevin səfərbərlik sistemi qeyri-şəffaf olaraq qalır, fərarilik halları isə cəbhədə boşluqlar yaradır və Rusiya qüvvələrinin yeni irəliləyişlərinə səbəb olur.
Röpke bildirir ki, təkcə oktyabr ayında Ukrayna 586 kv. km ərazini itirib və noyabrın daha böyük geriçəkilmələrlə yadda qalacağı gözlənilir. Onun fikrincə, yaxın aylarda Dnepr və Zaporojye də təhlükə altına düşə bilər.
Analitik xəbərdarlıq edir ki, Kiyev və Qərbin dərhal strateji istiqamət dəyişməsə, Rusiya müharibədə “addım-addım” üstünlük qazanmağa davam edəcək və bu proses bütün dünya üçün ciddi geosiyasi nəticələr yarada bilər.
Günel Verdiyeva
12:15 17.11.2025
Oxunuş sayı: 1158