Komitə sədrinin müavini: Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirlməsi istiqamətində potensial böyükdür
Bu il Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin formalaşmasının 30 ili tamam olur. Bu 30 ildə ölkələrmiz arasında münasibətlər sürətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Dövlət başçılarımız arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verir. Dövlət başçılarımızın müntəzəm şəkildə həyata keçirdiyi qarşılıqlı səfərləri zamanı imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və 200-dən çox sənəd hərətərəfli əməkdaşlığımızın hüquqi bazasını yaratmışdır. Bu gün böyük qürurla deyə bilirik ki, qardaş Özbəkistanla münasibətlərimiz hərtərəfli formatda inkişaf edir. Münasibətlərimizin bazisində iqtisadi əməkdaşlıq dayanır. Çünki, son illər iqtisadi əməkdaşlıqda əldə olunan nəticələr ürək açandır və digər sahələrdə də münasibətlərimizin dərinləşməsinə yol açır. Belə ki, ilk növbədə ölkələrimiz arasında artan ticarət dövriyyəsi qoyulmuş hədəflərə nail olmağımıza imkan verəcək. Hədəf isə 2030-cu ilə qədərə bir milyard dollara çatmaqdır. Bu ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən 87,5% artım olmaqla 319 milyon dollar ticarət dövriyyəsi əldə olunmuşdur. Keçən ildə isə ondan əvvəlki illə müqayisədə 48% artım olmaqla 252 milyon dollar ticarət dövriyyəsinə çatıb. Ölkələrimiz arasında ticarət dövriyyəsindəki illik artım qoyulmuş hədəfə çatmağımızda israrlı olduğumuzu bir daha təsdiq edir.
Azərbaycan və Özbəkistan qarşılıqlı investisyaların yatırılmasını da sürətləndirmişdir. Belə ki, Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon dollar, Özbəkistan isə Azərbaycan iqtisadiyyatına 21,8 milyon dollar investisya yatırmışdır. Bununla yanaşı 2023-cü ildə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin (AUİC) ümumi kapitalı 500 milyon dollardır. İnvestisya şirkəti ölkələrimizin daxilinə və üçüncü tölkələrdə investisya layihələri icra edir. Bu günə qədər şirkət artıq 15 layihəni maliyyələşdirir və 360 milyon dollar dəyərində layihələrə investisiya edib. Beləliklə, hazırda qarşılıqlı sərmayələr nisbətən kiçikdir, amma birgə investisiya təşəbbüsləri böyüməkdədir. Azərbyacanda Özbəkistan kapitalı ilə 120 şirkət qeydiyyatdan keçmişdir. Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir. Bu fabrik Qarabağa öz doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluq məsələsinin həll olunmasına öz töhfəsini verir. Ali Dövlətlərarası Şura və Hökumətlərarası Komissiya iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün iqtisadi potensialın üzə çıxarılması istiqamətində görüşlər və biznes forumlar keçirir. Sonda deyə bilərik ki, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirlməsi istiqamətində potensial böyükdür və bu potensialdan səmərəli istifadə edilməklə daha böyük nəticələr əldə ediləcəkdir. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov
20:34 15.11.2025
Oxunuş sayı: 3160