Dövlət vəzifəsi daşıyan hər bir şəxs fəaliyyətində insanlara açıq münasibət prinsipini rəhbər tutmalıdır - DEPUTAT
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda keçirdiyi görüşdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, ölkədə aparılan islahatların əsas məqsədi sadəcə struktur dəyişikliyi deyil, dövlət idarəçiliyində məsuliyyət, şəffaflıq və ədalət mühitinin tam bərqərar olunmasıdır. Prezidentin çıxışında qeyd etdiyi kimi, bu gün cəmiyyəti narahat edən bəzi problemlərin kökündə vaxtilə harınlamış, acgöz və vətəndaş maraqlarını tapdalayan məmur təfəkkürü dayanıb.
Dövlət başçısının sərt, lakin prinsipial çıxışı həm xəbərdarlıq, həm də istiqamətverici mesaj idi: idarəçilikdə əsas meyar qanun və ədalət olmalıdır. Prezident açıq şəkildə bəyan etdi ki, belə məmur özbaşınalıqlarına artıq dözümlə yanaşılmayacaq, qanunsuz göstərişlər dövrü bitib. “Əgər kimsə bu tapşırığı verərsə, dərhal mənə məlumat verin” – deyən İlham Əliyevin bu çağırışı yeni mərhələnin konturlarını müəyyənləşdirir: vəzifə səlahiyyəti – imtiyaz deyil, məsuliyyətdir.
Bu çıxış, əslində, təkcə məmurlara deyil, bütün cəmiyyətə ünvanlanmış bir mesajdır dövlətin dayağı ədalət və dürüstlük üzərində qurulub və bu prinsiplərin pozulmasına heç bir halda göz yumulmayacaq.
Prezidentin fikirləri ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Kimliyindən asılı olmayaraq, dövlət vəzifəsi daşıyan hər bir şəxs fəaliyyətində şəffaflıq, ədalət və insanlara açıq münasibət prinsipini rəhbər tutmalıdır. Çünki bu prinsiplər xalqla dövlət arasında inam körpüsünün əsasını təşkil edir. Hesab edirəm ki, bu gün qarşıya qoyulan məqsəd şəxslər üzərindən qiymətləndirmə aparmaq yox, dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsinə keçidi təmin etməkdir. Cənab Prezidentin qərarı da məhz bu istiqamətdə atılmış növbəti zəruri addımdır".
Elmir Heydərli
12:23 13.11.2025
Oxunuş sayı: 5233