İlham Əliyev: Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər
Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın:
"Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir".
14:41 12.11.2025
Oxunuş sayı: 1692