Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə niyə qəzaya uğrayıb? - Bakıdakı hərbi paraddan sonra...
Ötən gün Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla hökumət üzvləri qardaş ölkənin rəhbər şəxslərinə başsağlığı verib, hadisə ilə bağlı bütün lazımı köməklik göstərməyə hazır olduqlarını bəyan ediblər.
Gürcüstanda qəza ilə bağlı cinayət işi açılıb, hadisə yeri mühafizə olunub. Türkiyə rəsmiləri isə hazırda qəza ilə bağlı araşdırma aparır. Bütün xəbərlərin ictimaiyyətə vaxtında, dəqiq və ətraflı açıqlanmasına baxmayaraq, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan müxtəlif mülahizələr irəli sürülür.
Sözügedən hadisə barədə Crossmedia.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasında heç bir versiya istisna edilməməlidir: "İlk baxışda təbii səbəblər ehtimalı daha güclü görünür, lakin bu coğrafiyada baş verən belə hadisələrdə şübhələr hər zaman aktual olub. Hadisənin indi baş verməsi – hərbi təyyarə olması, Bakıdakı hərbi paraddan sonra qəzaya uğraması və regionun gələcək konturlarının Bakı və Ankara tərəfindən cızıldığı, iki il öncəyə qədər bu bölgədə “söz sahibi” olan güclərin oyundan kənar vəziyyətə düşməsi fonunda şübhələr yenə aktualdır".
11:19 12.11.2025
Oxunuş sayı: 1322