Xalq-iqtidar birliyi və vətənpərvərlik Azərbaycan Zəfərinin əsas təməl daşıdır – Deputat
Vətəndaş həmrəyliyi və xalq-iqtidar birliyi dövlətin gücü və müstəqilliyinin qorunmasında həlledici rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi parad zamanı çıxışı mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı vurğulayıb ki, gənc nəsil vətənpərvərlik ruhunda yetişdirilmiş və 44 günlük müharibə dövründə tarixi torpaqlarımızı işğalçılardan azad etmək üçün öz canını təhlükəyə atmışdır. Bu isə göstərir ki, mənəvi keyfiyyətlər, vətənə sevgi və vətəndaş birliyi xalqın şanlı Zəfərinin əsas təməl daşıdır.
Milli Məclisin deputatı Müşfiq Məmmədli dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan Ordusunun uğuru xalqın vahid ideya ətrafında birləşərək ümumxalq qələbəsinin simvolunu yaratması ilə nəticələndi: "Bu zaman cəmiyyətin bütün fərdləri, düşüncə və yaşayış tərzindən asılı olmayaraq, ordunun və ölkənin uğuru üçün bir yumruq ətrafında birləşdi və bu yumruq Azərbaycan tarixinə dəmir yumruq kimi qızıl hərflərlə yazıldı. Ona görə də biz vətəndaş–dövlət–iqtidar–xalq birliyinin nümunəsini gördük".
Müsahibimiz əlavə edib ki, bu birlik prosesi uğurla davam etdirilir: "Azərbaycan dövləti və xalqı öz ətrafında birləşərək həm siyasi sistemin dayanıqlılığını, həm də dövlətçiliyin modernləşməsini təmin edir. Cəmiyyətin hər bir fərdi bu prosesdə iştirak edə bilir. Uğurun açarı elə xalq–iqtidar birliyindədir. Yeni Azərbaycan Partiyası və Prezident İlham Əliyevin rəhbərliyi altında digər siyasi qüvvələr də bu prosesdə yaxından iştirak edir. Marginal və xarici qüvvələrin əlində alət olan siyasi qruplardan fərqli olaraq, cəmiyyətin inkişafını istəyən siyasi partiyalar və vətəndaş cəmiyyəti vətəndən, ərazi bütövlüyümüzdən danışarkən bir ideya ətrafında birləşməyi bacarır. Bu birliyin nümunəsi həm müharibə dövründə, həm də indiki dinc quruculuq dövründə aydın görünür".
Deputat bildirib ki, Azərbaycanın siyasəti dini, etnik və məzhəb ayrı-seçkiliyini gözləmədən, dünyəvi və demokratik prinsiplərə əsaslanır: "Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu uğurları davam etdirəcəyik və Azərbaycanın inkişaf etmiş ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcəyik".
Mehriban Yariyeva
20:35 10.11.2025
Oxunuş sayı: 3747