Azərbaycan, Türkiyə və Pakistan arasında inkişaf edən üçtərəfli format regional siyasətdə yeni reallıqdır- Deputat
Azərbaycan, Türkiyə və Pakistan arasında son illərdə inkişaf edən üçtərəfli əməkdaşlıq formatı regional siyasətdə yeni mərhələnin əsasını qoyur. Xüsusilə, hər üç ölkə liderinin hərbi paradda birgə iştirakı təkcə dostluq və həmrəylik jesti kimi deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda strateji mesaj kimi qiymətləndirilir. Bu hadisə regionda təhlükəsizlik arxitekturasının yenidən formalaşması, qarşılıqlı müdafiə və siyasi dəstək mexanizmlərinin yaranması baxımından diqqət mərkəzindədir.
Crossmedia.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında inkişaf edən üçtərəfli format regional siyasətdə yeni reallığı əks etdirir:
“Bu, nə klassik hərbi ittifaq, nə də sadəcə simvolik jestlərin məcmusudur. Əksinə, bu format dərin tarixi və mədəni köklərə əsaslanan, konkret iqtisadi və siyasi maraqlarla şərtlənən, uzunmüddətli perspektivə yönələn, çevik və adaptiv olan, regional balansları nəzərə alan strateji tərəfdaşlıqdır. Görüşlərin ardıcıllığı, liderlərin ifadə etdikləri əzmkarlıq və əməkdaşlığın əhatə dairəsinin genişlənməsi bu formatın davamlı olacağını göstərir. Bu əməkdaşlığın institutlaşması ehtimalı yüksəkdir. Lakin onun NATO və ya KTMT kimi klassik hərbi ittifaqlara çevrilməsi nə ehtimal olunur, nə də buna ehtiyac var. XXI əsrin reallıqları çevik, çoxtərəfli və maraq əsaslı yeni tip regional əməkdaşlıq modelini tələb edir".
Deputatın fikrincə, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan bu model həm üç ölkənin milli maraqlarına xidmət edir, həm də regionda sabitliyin möhkəmlənməsinə töhfə verir: “Bu üçtərəfli formatın uğuru yalnız siyasi iradədən deyil, həm də konkret nəticələrin əldə edilməsindən asılı olacaq. Qarşıdakı illər göstərəcək ki, bu tərəfdaşlıq ritorikadan real əməkdaşlığa nə dərəcədə çevrilə biləcək".
Mehriban Yariyeva
19:50 10.11.2025
Oxunuş sayı: 1488