Türk və müsəlman dövlətləri bir platformada birləşməli, bir-birinin maraqlarını dəstəkləməlidir - Ekspert
Azərbaycan ilə Pakistan arasında mövcud olan münasibətlər tarixən dostluq, qarşılıqlı hörmət və qardaşlıq prinsipləri üzərində formalaşmışdır. Bu əlaqələr təkcə diplomatik müstəvidə deyil, həm də xalqlar arasında dərin mənəvi bağlar şəklində özünü göstərir. Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə Pakistan dövləti və xalqı Azərbaycanın ədalətli mövqeyini açıq şəkildə dəstəkləmiş, beynəlxalq təşkilatlar və tribunalarda ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə mənəvi-siyasi dəstək nümayiş etdirmişdir.
Pakistanın bu dönəmdəki həmrəyliyi təkcə sözlərlə ifadə olunmamış, həm də real siyasi mövqe kimi diqqət çəkmişdir. Qardaş ölkə Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etməklə yanaşı, müharibə günlərində və ondan sonra da Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən bir çox bəyanatlar vermişdir. Bu mövqe, Azərbaycan xalqı tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmış və iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə təkan vermişdir.
Prezident İlham Əliyevin 8 noyabr 2025-ci ildə Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı Pakistan hərbçilərinin ilk dəfə olaraq Azadlıq meydanında Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə birgə addımlamasını xüsusi vurğulaması bu münasibətlərin rəmzi təcəssümü kimi dəyərləndirilir. Dövlət başçısının sözləri ilə desək, bu hadisə üç dost və qardaş ölkənin Azərbaycan, Türkiyə və Pakistan xalqlarının birliyinin, həmrəyliyinin və qarşılıqlı etimadının aydın göstəricisidir.
Bu birgə iştirak, yalnız hərbi əməkdaşlığın deyil, həm də ortaq idealların – sülhün, ədalətin və qardaşlığın təntənəsi kimi dəyərləndirilə bilər. Beləliklə, Pakistanın Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Azərbaycana göstərdiyi dəstək, iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiq edir və regional həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Hər üç ölkənin geniş hərbi müttəfiqliyi ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanın Türkiyə və Pakistanla əlaqələri bu gün müttəfiqlik səviyyəsinə yüksəlmiş və ölkəmiz üçün böyük əhəmiyyət kəsb etmişdir. Bu münasibətlər xüsusən Vətən müharibəsi dövründə sınaqdan çıxmış, Azərbaycanı haqq işində hər iki qardaş ölkə – Türkiyə və Pakistan daim dəstəkləmiş, onun yanında olmuşlar. İşğal illərində də Azərbaycan bu diqqət və dəstəyi hər zaman hiss etmişdir.

Beynəlxalq tədbirlərdə Türkiyə və Pakistan Azərbaycanın haqlı mövqeyini açıq şəkildə müdafiə edən, dəstəyini heç kimdən gizlətməyən dövlətlərdir. Xüsusilə qeyd edilməlidir ki, Vətən müharibəsindən öncə Prezident İlham Əliyev beynəlxalq tribunlardan dəfələrlə bəyan edirdi: Azərbaycan istənilən yolla öz torpaqlarını azad edəcək. Bu bəyanatların arxasında güclü bir dayaq — Türkiyə və Pakistan kimi iki böyük müsəlman dövlətinin mənəvi və siyasi dəstəyi dayanırdı. Bu dəstək həm Vətən müharibəsinin, həm də əks-hücum əməliyyatının başlanması baxımından mühüm əhəmiyyət daşıyırdı.
2016-cı ilin aprel hadisələri zamanı Azərbaycan təmas xəttində müəyyən mövqeləri ələ keçirməyə məcbur olmuş, həmin istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə məhdud əməliyyatlar həyata keçirmişdi. Bu dövrdə ölkəmizə qarşı beynəlxalq təzyiqlər olsa da, Azərbaycan öz suverenliyini və milli maraqlarını qətiyyətlə qorudu. Həmin vaxtlarda da etibarlı dostlarımızın – Türkiyə və Pakistanın mənəvi dəstəyi ölkəmiz üçün mühüm dayaq rolunu oynamışdı.
Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, Azərbaycana təzyiqlər artır, lakin ölkəmiz haqq yolundan dönməyəcək. Məhz bu sözləri deyərkən, o, Türkiyə və Pakistanın qardaşlıq və mənəvi dəstəyini nəzərdə tuturdu. Bu iki dövlətin Azərbaycanın haqq işinə göstərdiyi dəstək beynəlxalq aləmdə ölkəmizə qarşı yönələn təzyiqlərin təsirini xeyli azaltmışdı. Qələbədən sonra Prezident İlham Əliyevin “Mən indi bilirəm kim bizim dostumuzdur, kim deyil” ifadəsi də məhz bu qardaş ölkələrə verilən dərin mənəvi qiymətin göstəricisidir.
Vətən müharibəsindən sonra Azərbaycan Türkiyə və Pakistanla münasibətlərini daha da genişləndirmiş, xüsusilə hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində ciddi irəliləyişlər əldə etmişdir. Qələbənin 5 illiyi münasibətilə keçirilən Zəfər paradında Türkiyə və Pakistan nümayəndə heyətlərinin, o cümlədən hərbi bölmələrin iştirakı bu qardaşlığın rəmzi ifadəsi idi. Azadlıq meydanında üç dövlətin hərbi qüvvələrinin birgə addımlaması bütün dünyaya göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan bir amal uğrunda birləşmiş güclü dostluq zəncirinin halqalarıdır.
Bu gün geosiyasi proseslərin getdiyi bir dövrdə “Tək əldən səs çıxarmaz” deyən atalar sözünü yada salmaq yerinə düşər. Türk və müsəlman dövlətləri bir platformada birləşməli, bir-birinin maraqlarını anlayaraq qarşılıqlı şəkildə dəstəkləməlidirlər. Azərbaycan–Türkiyə–Pakistan birliyi bu mənada digər müsəlman ölkələr üçün nümunə rolunu oynayır. Bu birliyin ətrafında yeni dövlətlərin toplanması, xüsusən də Orta Asiya ölkələrinin bu prosesdə fəal iştirakı türkdilli dövlətlər ailəsini daha da gücləndirəcəkdir.
Prezident İlham Əliyev hələ ilk dəfə prezident seçilərkən qeyd etmişdi ki, “bizim ailəmiz türk dünyasıdır”. Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri məhz türk və müsəlman ölkələri ilə əməkdaşlığın inkişafıdır. Bu istiqamətdə Türkiyə və Pakistanın ölkəmizin yanında olması həm İslam, həm də Türk dünyasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir".
Ekspert həmçinin hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb: "Azərbaycan hərbçiləri Türkiyə və Pakistanda keçirilən təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar. Təkcə bu il Türkiyə ilə 25 birgə hərbi təlim həyata keçirilmiş, Pakistan Silahlı Qüvvələri ilə də birgə təlimlər təşkil olunmuşdur. Bu əməkdaşlığın həm hərbi, həm də hərbi-texniki sahədə böyük perspektivləri var.
Bütün bu nailiyyətlər üç dövlət arasında sarsılmaz dostluq və müttəfiqlik münasibətlərinin, eləcə də Azərbaycanın güc və nüfuzunun artmasının bariz göstəricisidir".
Elmir Heydərli
18:54 10.11.2025
Oxunuş sayı: 1787