Atatürk – bir millətin gələcəyini inşa edən lider
Türkiyə Cümhuriyyətinin qurucusu, Qurtuluş Savaşının baş komandanı, dünya tarixində iz qoymuş böyük şəxsiyyət – Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə dünyaya göz açıb. 1923-cü ildən 1938-ci ilə qədər Türkiyə Cümhuriyyətinə rəhbərlik edən Atatürk, ölkənin ilk prezidenti olmaqla yanaşı, onun müasir simasını formalaşdıran görkəmli dövlət xadimi kimi tarixə düşüb.
Birinci Dünya müharibəsində Osmanlı ordusunun zabiti kimi iştirak edən Atatürk, xüsusilə Çanaqqala cəbhəsində göstərdiyi qəhrəmanlıqla fərqlənmiş, daha sonra Sina-Fələstin cəbhəsində İldırım Orduları qrupuna komandanlıq etmişdir. Hərbi sahədə qazandığı parlaq uğurlar onu Qurtuluş Savaşının liderinə çevirdi və bu savaşdan qalib çıxan türk xalqı onun rəhbərliyi ilə yeni bir dövlət – Türkiyə Cümhuriyyətini qurdu.
Atatürk, dövlətin təməllərini modern, demokratik və sekulyar prinsiplər üzərində qurdu. Onun rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və mədəni islahatlar Türkiyəni qısa zamanda inkişaf yoluna çıxardı. Minlərlə yeni məktəb açıldı, ibtidai təhsil pulsuz və məcburi elan olundu, qadınlara kişilərlə bərabər hüquqlar verildi, kəndlilərin ağır vergi yükü azaldıldı.
O, sadəcə bir hərbi lider deyil, həm də xalqını elmə, azad düşüncəyə, yeniliklərə səsləyən böyük bir maarifçi idi. Atatürk dörd dəfə Türkiyə Respublikasının prezidenti seçilərək, ölkəyə ən uzun müddət rəhbərlik edən dövlət başçısı kimi tarixə yazıldı.
Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə əbədiyyətə qovuşsa da, ideyaları, düşüncələri və irsi bu gün də milyonlarla insanın qəlbində yaşayır. Hər il 10 noyabrda Türkiyədə və dünyanın müxtəlif ölkələrində milyonlarla Atatürksevər onun xatirəsini hörmət və ehtiramla yad edir, dövlət və ictimaiyyət nümayəndələri Anıtqəbiri ziyarət edirlər.
Atatürk – bir dövləti deyil, bir millətin gələcəyini inşa edən lider idi.
Onun azadlıq, müasirlik və maarifçilik idealları bu gün də yolumuzu işıqlandırır.
Ayhan
12:06 10.11.2025
Oxunuş sayı: 1082