Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı bütün proseslərə təsir etmək gücündədir - Deputat
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə regionda yeni dövrün əsasını qoydu. Bu qələbə sayəsində bölgədə siyasi və iqtisadi reallıqlar dəyişdi. Azərbaycan artıq regionun əsas söz sahibinə çevrilib. Onun iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Bu prosesdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq xüsusi yer tutur. İki dövlət bir-birinə dayaq olaraq regionda sabitliyin və inkişafın əsas gücünə çevriliblər.
Bu barədə Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə Azərbaycan 44 günlük II Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə regionun xəritəsini dəyişmiş oldu: "Regionda yeni reallıqlar formalaşdı. Regional reallıqlar fonunda, təbii ki, Azərbaycanın həm regional, həm də qlobal miqyasda əhəmiyyəti kifayət qədər yüksəlib. Bu arealda Azərbaycanın iştirak etmədiyi hər hansı layihə reallaşdırıla bilməz. Birləşdiyimiz coğrafiyada kommunikasiya qovşaqlarının Azərbaycanın ərazisindən bilavasitə keçməsi və yeni formalaşdırılacaq kommunikasiya xətlərinin də Azərbaycanın birbaşa iştirakı, eyni zamanda dominantlığı ilə reallaşması bu ölkənin rolunu daha da artırır. Bu baxımdan, gələcəkdə tranzit-iqtisadi yeni qovşaqların və imkanların açılması da birbaşa Azərbaycanın əhəmiyyəti ön planda olmaqla baş verəcək. Beləliklə, Azərbaycan region üçün önəmli rol oynayır.
Azərbaycan–Türkiyə qardaşlığı analoqu olmayan bir dostluq və qardaşlıq nümunəsidir. Kommunikasiya qovşaqları da Azərbaycanla yanaşı, Türkiyənin iştirakı ilə mümkündür və bu prosesdə hər iki dövlət birgə addımlayır. Çindən və Asiyadan başlayaraq Azərbaycan və Türkiyə üzərindən Avropaya açılacaq yeni yollar, eləcə də mövcud infrastruktur layihələri Azərbaycan və Türkiyənin birgə strateji siyasətinin yönləndirilməsi ilə həyata keçirilir. Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğuru hesab olunur".
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsinə də yansıyıb: "Azərbaycan və Türkiyənin dominantlığı ilə türk dövlətlərinin vahid siyasət yürütməsi, iqtisadi, ticarət və hərbi sahələrdə bir canlı forma kimi iştirakı həm də bu məqsədə xidmət edir ki, Türk Dövlətləri Təşkilatı dünyanın əsas qütblərindən birinə çevrilsin. Ümumilikdə, bu təşkilatın formalaşmasında, həmçinin bu günkü və gələcək fəaliyyətində Azərbaycan və Türkiyə əsas dominant rol oynayır.
Bu baxımdan Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı bütün proseslərə təsir etmək gücündədir və həm region dövlətləri, həm də böyük güclər tərəfindən qəbul edilən bir reallıqdır. Məhz buna görə də hörmətli Rəcəb Tayyib Ərdoğanın “Mən Azərbaycanla fəxr edirəm” fikirləri tam olaraq yerindədir".
Türkan Kərimli
16:30 07.11.2025
Oxunuş sayı: 1226