“Bakı və İrəvan normallaşma üçün çox iş görməlidir” - Rusiya XİN
“Azərbaycan və Ermənistan normallaşma prosesinə dəyişməz xarakter vermək üçün hələ çox iş görməlidir, Rusiya buna dəstək verməyə hazırdır”.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Bakı və İrəvan sülh müqaviləsinin imzalanması, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi, dövlət sərhədinin ədalətli delimitasiya və demarkasiyasının həyata keçirilməsi, vətəndaş cəmiyyəti xətti üzrə səmərəli əlaqələrin qurulması da daxil olmaqla, ikitərəfli münasibətlərin normallaşması prosesinə dəyişməz xarakter vermək üçün hələ çox iş görməlidir. Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistandan olan tərəfdaşlarına bütün istiqamətlərdə, o cümlədən “3+3” regional əməkdaşlıq platforması çərçivəsində hərtərəfli dəstək göstərməyə hazırdır”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.
Rusiya XİN Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaların hələ də qüvvədə olduğunu və öz aktuallığını itirmədiyini qeyd edib:
“Ən ali səviyyədə imzalanmış ümumilikdə dörd bəyanat sülh prosesinin “yol xəritəsi”ni təşkil edir. Bu razılaşmalar qüvvədə qalır və öz aktuallığını itirməyib. Üçtərəfli formatda yaradılmış mühüm təməllər Azərbaycan və Ermənistan tərəfindən, o cümlədən birbaşa dialoqda fəal istifadə olunur. Bu kontekstdə Rusiya tərəfi 8 avqust 2025-ci il tarixində Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanmasını müsbət qiymətləndirib”.
16:09 07.11.2025
Oxunuş sayı: 1083