"907-ci düzəliş"in ləğvi Vaşinqtonun Cənubi Qafqazdakı mövqelərini gücləndirəcək - Blank
ABŞ Müdafiə Nazirliyinin Stars and Stripes qəzetində Xarici Siyasət Araşdırmaları İnstitutunun (FPRI) baş elmi əməkdaşı Stiven Blank tərəfindən Azərbaycanla bağlı Azadlığa Dəstək Aktının "907-ci düzəlişi"nin tamamilə ləğv edilməsinin vacibliyi barədə məqalə dərc olunub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, müəllifin sözlərinə görə, bu düzəlişin ləğvi “Beynəlxalq Sülh və Firavanlıq Naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsünün həyata keçirilməsi üçün vacibdir. Sözügedən təşəbbüs Ermənistan və Azərbaycan arasında sülhün möhkəmlənməsi, ticarət və nəqliyyat əlaqələrinin inkişafı və ABŞ-ın Cənubi Qafqazda mövcudluğunun gücləndirilməsi məqsədini daşıyır.
Blank hesab edir ki, 907-ci düzəliş “keçmişin qanunvericiliyin qalığı”dır və bu, Amerika diplomatiyası və biznesinə maneə yaradır. Onun fikrincə, Azərbaycan bu gün Mərkəzi Asiya ilə Avropa arasında ticarətin əsas oyunçusuna çevrilib, və məhdudiyyətlərin saxlanması ABŞ-ın regiondakı təsirini azaldır.
Məqalədə qeyd olunur ki, Vaşinqton enerji və nadir torpaq metalları hasilatı sahəsində Mərkəzi Asiya ilə əməkdaşlığı inkişaf etdirməlidir ki, Rusiya və Çindən asılılığı azaltsın. Blank vurğulayıb ki, "907-ci düzəliş"in ləğvi ABŞ-ın strateji mövqelərini gücləndirəcək, TRIPP layihəsini dəstəkləyəcək və Çinin bölgədə artan təsirinə qarşı çıxmağa imkan verəcək.
Zeynəb Xuduyeva
19:23 06.11.2025
Oxunuş sayı: 1519