Tbilisidə Zəfər Gününün 5 illiyinə həsr olunan tədbir keçirilib
Tbilisidə Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbir Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.
Tədbirdə rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, ictimaiyyət üzvləri və Gürcüstanda yaşayan azərbaycanlı icma nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, məqsəd Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəni, qəhrəman şəhid və qazilərin xatirəsini anmaq, həmçinin Gürcüstandakı azərbaycanlı icma nümayəndələri arasında birlik və həmrəyliyi gücləndirməkdir.
Səfir Faiq Quliyev bildirib ki, bugünkü tədbir iki ölkənin xalqları arasındakı dostluq və həmrəyliyin bariz nümunəsidir:
Səfir vurğulayıb ki, "bu Zəfər, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanların şərəfidir. Onların adları xalqımızın yaddaşına, tariximizin qızıl səhifələrinə əbədi həkk olunub".
Faiq Quliyev qeyd edib ki, Azərbaycan xalqının sarsılmaz birliyi bu Zəfərin əsas dayağı olub:
"Bu gün əldə etdiyimiz böyük qələbə xalqımızın öz Müzəffər Ali Baş Komandanına olan inamının və etimadının təntənəsidir. Xalqımız həmin o tarixi günlərdə öz liderinin ətrafında sıx birləşdi, ona inandı və bu inam bizə tarixi Zəfəri qazandırdı."
Səfir Faiq Quliyev çıxışında qeyd edib ki, Azərbaycanın Prezident İlham Əliyev kimi güclü və qətiyyətli lideri sayəsində xalq öz tarixi Zəfərinə nail olub.
Tədbir bədii konsert proqramı ilə davam etdirilib.(Report)
18:47 06.11.2025
Oxunuş sayı: 1138