Azərbaycanın “C5+1” formatına daxil edilməsi təklif olunub
ABŞ-ın təcrübəli diplomatı Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında mövcud olan “C5+1” formatına daxil etməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Caspian Policy Center”in (Xəzər Siyasəti Mərkəzi) idarə heyətinin sədri, ABŞ-ın keçmiş diplomatı Riçard Hoqland Vaşinqtonda keçirilən “Əməkdaşlığın on ili: C5+1 formatını gələcəkdə nə gözləyir?” adlı beynəlxalq tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycan regionun iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyində əsas həlqələrdən birinə çevrilib və bu, ölkənin “C5+1” formatında təmsil olunmasını zəruri edir. Hoqland vurğulayıb ki, Azərbaycan artıq Mərkəzi Asiya dövlətləri ilə müxtəlif çoxtərəfli görüşlərdə fəal iştirak edir və bu əməkdaşlıq modeli regional sabitliyə mühüm töhfə verir.
Diplomat əlavə edib ki, ABŞ və Mərkəzi Asiya ölkələri bu həftə Vaşinqtonda keçiriləcək sammitdə məsələni müzakirə edə bilərlər. O həmçinin təklif edib ki, gələcəkdə “C5+1” formatı institusionallaşdırılaraq beynəlxalq təşkilat səviyyəsinə qaldırılsın və bu halda format “C6” adlana bilər.
Türkan Kərimli
21:21 05.11.2025
Oxunuş sayı: 1950